“Bəhmətli” elektrik yarımstansiyası istismara verilib – Fotolar

Zaqatalada 110/35/10 kV-luq “Bəhmətli” elektrik yarımstansiyasının açılışı olub.

OilGas.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev dövlət başçısına yarımstansiyanın texniki göstəriciləri barədə məlumat verib. Stansiyanın ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıqlar salınıb. Bu yarımstansiya Zaqatala rayonunun elektrik təchizatının yaxşılaşdırılması, rayonun elektrik enerjisi verilişində yaranan fasilələrin qarşısının alınması məqsədi tikilib. Əvvəllər 110 kV-luq 2-ci Zaqatala hava xəttindən budaqlanma vasitəsilə qidalanan 1×6,3 MVA gücündə olan “Bəhmətli” yarımstansiyası Bəhmətli və digər kəndləri elektrik enerjisi ilə təmin edərkən ciddi problemlər yaşanırdı. Yarımstansiyanın bir transformatorla qidalanması elektrik enerjisinin verilişində fasilələrin yaranmasına səbəb olurdu. Bunu nəzərə alaraq, 110 kV-luq 2-ci Zaqatala hava xəttindən qidalanan 1 kilometr uzunluğunda birdövrəli “Bəhmətli” budaqlanması ikidövrəli budaqlanma xəttinə çevrilərək yenidən qurulub. Yarımstansiyada 2×10 MVA gücündə yeni transformatorlar quraşdırılıb. Eyni zamanda, yarımstansiyada 110 və 35 kV-luq açıq paylayıcı şəbəkə inşa edilib. Həmçinin yarımstansiyadan 35/10 kV-luq “Muğanlı” və 35/6 kV-luq “Qaraçay” yarımstansiyalarını qidalandıran 35 kV-luq Muğanlı hava xəttinin çıxışı kabellə əvəzlənib. Tam yenidən qurulan yarımstansiyadakı qurğularda müasir standartlara cavab verən elektrik avadanlıqları, elektron tipli rele mühafizə və avtomat sistemlər, yarımstansiyanın məsafədən idarə olunması üçün SCADA dispetçer sisteminə qoşulmasını təmin edən avadanlıqlar quraşdırılıb. “Bəhmətli” yarımstansiyası Bəhmətli, Suvagil, Dağlı, Mosul, Yengiyan, Lahıc, Kürdəmir, Muğanlı, Qandax, Kəpənəkçi, Çüdülübinə kəndlərinin və Əliabad qəsəbəsinin 9 minə yaxın abonentini keyfiyyətli elektrik enerjisi ilə təmin edəcək. Bu stansiyadan əlavə Zaqatala EŞ-nin xidməti ərazisində əvvəllər adı “Ulduz” olan 35/10 kV-luq yarımstansiya tam sökülərək, yerində müasir tipli qapalı “Danaçı” yarımstansiyası da tikilib.

OilGas.az

243 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ