“Yeni kimya zavodlarının yaradılması sahibkarlığın inkişafına şərait yaradacaq”

“Yeni kimya zavodlarının yaradılması sahibkarlığın inkişafına şərait yaradacaq”

“Azərbaycanda inşa ediləcək yeni kimya müəssisələrinin məhsulları isə ölkəmizdə həmin məhsulların idxalını tam əvəzləyəcək”

OilGas.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Yeni Azərbaycan Partiyasının (YAP) saytına müsahibəsində deyib. SOCAR prezidenti qeyd edib ki, Azərbaycanda istehsal olunacaq məhsulun daha böyük hissəsi isə ixrac ediləcək, ölkəmizə əlavə gəlirlər gətirəcək:

“Əldə olunan uğurları davam etdirmək üçün SOCAR emal və kimya sənayesində yeni investisiya layihələrinə də start verdi: Azərbaycanda “SOCAR Polymer” və “SOCAR Karbamid”, Türkiyədə isə STAR NEZ-in inşasına başladı. Türkiyənin əhali sayı ilə əlaqədar bazar potensialı yüksək olduğuna görə, STAR NEZ-in məhsulu əsasən qardaş ölkənin daxili bazarı üçün nəzərdə tutulur. Azərbaycanda inşa ediləcək yeni kimya müəssisələrinin məhsulları isə ölkəmizdə həmin məhsulların idxalını tam əvəzləyəcək. Azərbaycanda istehsal olunacaq məhsulun daha böyük hissəsi isə ixrac ediləcək, ölkəmizə əlavə gəlirlər gətirəcək. Qeyd etməliyəm ki, emal sənayesində məhz ixracyönümlü investisiya layihələrinin həyata keçirilməsi ilk növbədə ölkənin iqtisadi inkişafı üçün vacibdir. Buna görə Azərbaycanda bu layihələrin məhz Dövlət Neft Şirkəti tərəfindən reallaşdırılması vacib idi. SOCAR Polymer və SOCAR Karbamid zavodlarının inşası ölkədə aqrar sektorun, habelə kiçik və orta sahibkarlığın inkişafına münbit şərait yaradacaq. Ən keyfiyyətli azot gübrəsi olan karbamid bütövlüklə azot gübrəsinin idxalını əvəzləyə biləcək. SOCAR Polymer-in məhsulları isə birbaşa kiçik və orta sahibkarlar tərəfindən xammal kimi istifadə olunaraq, ölkəmizdə müxtəlif plastik istehlak məhsullarının istehsalı və deməli, qeyri-neft sektorunun inkişafı üçün zəmin yaradacaqdır. STAR NEZ, SOCAR Polymer və SOCAR Karbamid zavodların inşası artıq bu il tamamlanacaq, zavodlarda məhsul istehsalına başlanılacaqdır.

Ölkəmizin neft məhsulları ilə əsas təminatçısı olan, o cümlədən də, SOCAR Polymer zavodunu xammalla təchiz edən Heydər Əliyev adına Neft Emalı Zavodunda geniş miqyaslı yenidənqurma layihəsi həyata keçirilir. Layihənin məqsədləri respublikanı yüksək keyfiyyət standartına cavab verən dizel və benzin yanacağı ilə təmin etmək, zavodun istehsalat həcmini ildə 6 milyon tondan 8 milyon tona qədər qaldırmaqdır”.

180 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ