“Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisi müzakirə edildi

“Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisi müzakirə edildi

Energetika Nazirliyində Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi və istismarı ilə əlaqədar yaradılmış Birgə Texniki Komissiyanın Azərbaycan tərəfindən üzvlərinin iştirakı ilə iclas keçirilib.

Nazirlikdən OilGas.az-a verilən məlumata görə, iclasda “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisinin cari vəziyyəti, növbəti addımlar və bu işə məsul qurumların öhdəlikləri müzakirə edilib. Komissiyanın həmsədri, energetika nazirinin müavini Elnur Soltanov bildirib ki, bu sazişin icrası strateji əhəmiyyət daşıyır. Ona görə də işlərin sürətləndirilməsi və qarşılıqlı məlumat mübadiləsi vacibdir.

“Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisi ilə bağlı işçi qrupun gördüyü işlərə dair məruzələr dinlənilib. Bildirilib ki, “Xudafərin” su bəndinin tikinti üzrə işlərin 95%-i başa çatıb, “Qız Qalası” üzrə də tikinti prosesinin isə gələn il tamamlanması gözlənilir.

Qeyd edək ki, Birgə Texniki Komissiyanın tərkibinə Müdafiə, Xarici İşlər, Ekologiya və Təbii Sərvətlər, Energetika, Fövqəladə Hallar, Ədliyyə, İqtisadiyyat, Maliyyə, Mədəniyyət nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Meliorasiya və Su Təsərrüfatı, “Azərenerji”, “Azərişıq” ASC-lərin nümayəndələri daxildir.

682 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ