Xəzər Neft və Qaz Beynəlxalq konfransı işə başlayıb

Bu gün Bakıda XXIV “Xəzər Neft və Qaz-2017” beynəlxalq konfransı işə başlayıb.

OilGas.az xəbər verir ki, konfransda dünyanın 30 ölkəsini təmsil edən 400-dək nümayəndə iştirak edir. Konfransda dünyanın müxtəlif ölkələrindən 40-dan çox məruzəçi, o cümlədən aparıcı ekspertlər, dövlət strukturlarının nümayəndələri, iri neft-qaz şirkətlərinin rəhbərləri aşağı neft qiymətləri şəraitində enerji daşıyıcılarının hasilatı, idarə olunması və nəqli üzrə əsas məsələlərlə bağlı çıxışlar edirlər. “Caspian Oil&Gas” sərgisini müşayiət edən konfransda regionun aktual məsələləri müzakirə olunur.

Plenar sessiyanın mövzusu “Azərbaycanın dünya enerji bazarında rolu, aparıcı layihələrin cari vəziyyəti və strateji inkişaf perspektivləri”dir. Sonra “Əsas operatorların “onşor” (sahil) və “ofşor” (dəniz) yataqlarının işlənməsi üzrə planları. Neft-qaz layihələrinin reallaşdırılmasına dair beynəlxalq əməkdaşlığın genişləndirilməsi”, “Azərbaycanda neft emalı və neft–kimya sənayelərinin cari vəziyyəti və inkişafı”, “Neft və qazın Xəzər regionundan diversifikasiyalı nəqli. Azərbaycan – Xəzər regionunun nəqliyyat-logistika qovşağı”, “Kəşfiyyat və hasilat əməliyyatları üzrə məsrəflərin optimallaşdırılması və səmərəliliyin artırılması üçün qabaqcıl texnologıyaların tətbiqi”, “Kadrların hazırlanmasında rəqəmsal texnologiyaların effektiv rolu”, “Ekoloji və sənaye təhlükəsizliyinin təmin edilməsi” kimi aktual mövzularda diskussiya keçiriləcək.

Bu il daimi iştirakçı və tərəfdaş olan BP şirkəti Azərbaycanda 25 illik fəaliyyətini qeyd edir. Bu yubileyə konfransın “BP şirkəti-son 25 ildə Azərbaycanın daimi tərəfdaşı” adlı xüsusi sessiyası həsr olunub.

Konfransı 20 şirkət-sponsor dəstəkləyir. Baş sponsor qismində SOCAR çıxış edir. Qızıl sponsorlar isə “BP” və “Petronas” şirkətləridir.

Bu il ilk dəfə olaraq, sərgi iştirakçıları və konfransın nümayəndə heyəti üçün Bibiheybət mədəni ərazisində yerləşən, dünyada sənaye üsulu ilə qazılmış ilk neft quyusunu ziyarət ediblər.

“Caspian Oil&Gas” sərgi və konfransı yenidən həmkarlarla ünsiyyət saxlamaq, texnologiya və xidmətləri iş prosesində nümayiş etdirmək və faydalı işgüzar əlaqələr yaratmaq imkanını, habelə yeni informasiya və texnologiyalar axınını təmin etməklə yanaşı, neft-qaz sahəsində beynəlxalq əməkdaşlıq imkanlarını da genişləndirəcək.

OilGas.az

221 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ