Azərbaycanda Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradılıb

Azərbaycanda Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradılıb

Prezident İlham Əliyev “Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb.
Sənəd hasilat sənayesində beynəlxalq şəffaflıq və hesabatlılıq prinsiplərinə Azərbaycanın sadiqliyini bir daha vurğulayaraq, təbii ehtiyatlardan əldə edilən maddi sərvətlərin ölkə vətəndaşlarının rifahı üçün idarə edilməsinin davam etdirilməsi məqsədi daşıyır.
Fərmanda bildirilir ki, Azərbaycan Respublikasında müasir dövlət idarəçiliyi sisteminin dayanıqlı fəaliyyəti və inkişafı üçün vacib amillər olan şəffaflığın və hesabatlılığın artırılmasına daim xüsusi diqqət yetirilir. Bu istiqamətdə mühüm nəticələr əldə edilmiş, eyni zamanda, dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, informasiyanın əldə edilməsində daha geniş açıqlığın təmin edilməsi, ictimai iştirakçılığın artırılması və vətəndaş cəmiyyəti təsisatları ilə əməkdaşlığın gücləndirilməsi tədbirləri bu gün də davam etdirilməkdədir.
Şəffaflığın və hesabatlılığın möhkəmləndirilməsi, bütövlükdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən davamlı strategiya çərçivəsində beynəlxalq aləmdə ümumən qəbul edilən prinsiplərə və ixtisaslaşmış beynəlxalq təşkilatlarla sıx əməkdaşlığa böyük önəm verilir.
Azərbaycan hasilat sənayesində şəffaflığı ən yüksək səviyyədə təşviq edərək, “Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü”nə qoşulub, bu təşəbbüsdə tamhüquqlu üzv statusunu əldə etmiş ilk ölkə olmuş və bu sahədə hesabatları mütəmadi dərc edib. Mədən sənayesində şəffaflığın təmin olunması və dövlət xidmətlərinin göstərilməsi sahələrində ölkəmizdə həyata keçirilən tədbirlər beynəlxalq müstəvidə yüksək qiymətləndirilib və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının “Dövlət Xidmətləri Mükafatı”na və “2009-cu il üzrə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü Mükafatı”na layiq görülüb.
Azərbaycan bu və ya digər beynəlxalq təşəbbüsə üzv olub-olmamasından asılı olmayaraq, hasilat sənayesində şəffaflıq və hesabatlılıq üzrə bütün beynəlxalq səyləri dəstəkləyir və beynəlxalq standartların tətbiqini davam etdirmək əzmindədir.
Azərbaycan Respublikasında hasilat sənayesində şəffaflıq və hesabatlılıq standartlarının tətbiqi aşağıda göstərilmiş beynəlxalq prinsiplər əsasında davam etdirilir:
təbii ehtiyatlardan əldə olunan gəlirlərin vətəndaşların rifahı və ölkənin milli maraqları naminə idarə olunması suveren dövlətlərin səlahiyyətlərinə aiddir;
təbii ehtiyatlardan əldə olunan gəlirlərdən qənaətli istifadə yoxsulluğun azaldılmasına və davamlı iqtisadi inkişafa təkanverən mühüm vasitədir;
dövlət orqanlarının fəaliyyətində, özəl sektorda və ictimai münasibətlərdə şəffаflıq və hеsаbаtlılıq stаndаrtlаrı təşviq edilməlidir;
dövlət hasilat sənayesindən əldə olunan gəlirlərin idаrə olunması ilə bağlı vətəndаşlаr qаrşısındа hеsаbаt verməlidir;
şəffаflığın artırılmasına müvafiq müqavilə və qаnunlаrа əməl etməklə nail olunmalıdır;
hasilat sənаyesində fəaliyyət göstərən dövlət və özəl şirkətlər tərəfindən şəffаflığın, o cümlədən dövlətin maliyyə idarəetməsinin və hesabatlılığın gücləndirilməsi təmin olunmalıdır;
ölkənin maliyyə şəffaflıq standartları hasilat sənаyеsində fəaliyyət göstərən bütün şirkətlərə şamil edilməlidir;
bu sahədə şəffaflığın tətbiqində dövlət orqanları, hasilat sənаyеsində fəaliyyət göstərən şirkətlər, beynəlxalq təşkilаtlаr, mаliyyə qurumları, investorlar və qеyri-hökumət təşkilаtlаrı da dахil оlmаqlа, bütün mаrаqlı tərəflərin iştirakı təmin edilməlidir.
Azərbaycan Respublikasının hasilat sənayesində şəffaflığın və hesabatlılığın təmin edilməsi məqsədilə aşağıdakı tərkibdə Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya (bundan sonra – Komissiya) yaradılır:
Komissiyanın sədri
Şahmar Mövsumov – Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru
Komissiyanın üzvləri:
Natiq Abbasov – Azərbaycan Respublikası energetika nazirinin müavini
Sahib Ələkbərov – Azərbaycan Respublikası vergilər nazirinin müavini
Emin Hüseynov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Sahil Babayev – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Rauf Hacıyev – Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Yusif Yusifov – Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi sədrinin müavini.
Komissiyanın cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyi yaradılır və Katibliyin funksiyasının həyata keçirilməsi Azərbaycan Respublikasının Dövlət Neft Fonduna həvalə edilir.
Komissiyaya Azərbaycan Respublikasında bu fərmanda göstərilən beynəlxalq prinsiplərə riayət olunmasına nəzarət etmək, Azərbaycan Respublikasının hasilat sənayesində şəffaflığın təmin edilməsi məqsədilə dövlət siyasətinin formalaşdırılmasında iştirak etməklə bu sahədə dövlət orqanlarının və digər qurumların fəaliyyətini əlaqələndirmək, Azərbaycan Respublikasında təbii ehtiyatların istismarı ilə əlaqədar dövlətin bütün daxilolmaları və Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin dövlətə ödənişləri barədə hesabatların beynəlxalq standartlara uyğun təqdim olunması formasını və müddətlərini müəyyən etmək, hesabatların toplanması və yoxlanılması üçün müstəqil, ixtisaslaşmış audit şirkətinin seçilməsini təmin etmək, toplanmış məlumatlar əsasında hesabat formasına uyğun olaraq ümumiləşdirilmiş hesabatını tərtib etsin və onun mütəmadi şəkildə ictimaiyyətə açıqlanmasını təmin etmək, hesabatlılığın təşkil olunmasının bütün mərhələlərində qeyri-hökumət təşkilatları, özəl sektorun nümayəndələri və müstəqil ekspertlər ilə əməkdaşlıq etmək, Azərbaycan Respublikasının hasilat sənayesində şəffaflığın təmin edilməsinə dair normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək tapşırılıb.
Nazirlər Kabineti Komissiyanın Əsasnaməsini iki ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməli, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını altı ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarına və şirkətlərinə, həmçinin Azərbaycan Respublikasında hasilat sənayesində fəaliyyət göstərən xarici şirkətlərə təbii ehtiyatların istismarı ilə əlaqədar hesabatlarını bu fərmanda müəyyən edilmiş formada və müddətlərdə Komissiyaya təqdim etmək tapşırılıb və tövsiyə olunub.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Oilgas.az

355 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ