“Xarici tərəfdaşlarla əməkdaşlığımız çox sağlam təməl üzərində qurulub”

“Xarici tərəfdaşlarla əməkdaşlığımız çox sağlam təməl üzərində qurulub”

“Azərbaycanda xarici investorlar üçün çox gözəl şərait yaradılıb”.

OilGas.az xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Qaradağ rayonunda, SOCAR-ın “Caspian Drilling” Şirkətinin dəniz təchizat və logistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimində bildirib. Dövlət başçısı qeyd edib ki, dövlət maraqlarımızla investorların maraqları üst-üstə düşür:

“Xarici tərəfdaşlarla əməkdaşlığımız çox sağlam təməl üzərində qurulub. Həm investor, həm də kontraktor şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərirlər. Əlbəttə ki, onların öz korporativ maraqları var. Bizim isə dövlət maraqlarımız var və bu maraqlar üst-üstə düşür. Hesab edirəm ki, Azərbaycanda xarici investorlar üçün çox gözəl şərait yaradılıb. Bütün kontraktlar qanunla təsdiqlənir ki, bu da investorlarda inam yaradır.

Beləliklə, bu gün biz ölkəmizin tarixində yeni gözəl hadisəni birlikdə qeyd edirik. Bu, nəhəng qurğu istənilən yerdə qazma işlərini apara bilər. Yəqin ki, neftçilər yaxşı bilirlər, sovet dövründə suyun dərinliyinin 200 metrdən çox olan yerlərinə getmək imkanı yox idi. Bəlkə məhz buna görə biz “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz” yataqlarını bu gün müstəqil Azərbaycan üçün qoruya bilmişik. Əgər o vaxt belə imkanlar olsaydı, həmin yataqlar da artıq əlimizdən çıxacaqdı. Necə ki, bizim qurudakı əsas yataqlarımızın böyük əksəriyyətinin neft ehtiyatları çar Rusiyası zamanı və sovet dövründə tükəndi. Amma bu qurğu ilə biz istənilən yerdə qazma işləri apara bilərik. Bu qurğu suyun min metr dərinliyində işləyə bilər. Mənə verilən məlumata görə, qurğunun qazma dərinliyi 12 min metrə bərabərdir, çəkisi isə 26 min tondur. Bax, bu rəqəmlər özlüyündə göstərir ki, biz nə qədər böyük bir layihəyə start verdik. Eyni zamanda, göstərir ki, bizim işçilərimiz, mühəndislər, fəhlələr nə qədər yaxşı iş görüblər. Sizi bu münasibətlə bir daha təbrik edirəm və sizə yeni uğurlar arzulayıram”.

OilGas.az

364 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ