Vüqar Bayramov: “Əgər neftin həcmində artım baş verərsə…” – MÜSAHİBƏ

Vüqar Bayramov: “Əgər neftin həcmində artım baş verərsə…” – MÜSAHİBƏ

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, iqtisadçı-alim Vüqar Bayramovun OilGas.az saytına müsahibəsi.

Son günlər neftin qiymətində bahalaşma müşahidə olunur. Sizcə, qiymət artımı nə ilə əlaqədardır?

– Hazırda neftin qiymətində artım müşahidə olunur. Neft qiymətlərinin yüksəlməsinə iki texniki səbəb təsir göstərir. Onlardan biri Böyük Birtaniyada  gündəlik neft nəqletmə həcmi təxminən 400 min barel olan kəmərdə müşahidə olunan sızıntılarla bağlıdır. Kəmər təmirə dayandırılıb və bunun təxminən 2 həftəyə yaxın vaxt aparacağı güman olunur. Bu da təbii ki dünya bazarına həm psixoloji, həm də iqtisadi təsir göstərməyə başladı.

İkinci səbəb Nigeriyada baş verən tətillərlə bağlıdır. Buradakı tətillər bir sıra yataqlarda neft hasilatının azalmasına səbəb olub. Nəticədə Nigeriya neft hasilatında azalmalar qeydə alınır. Bu da sözsüz ki, bazara həm psixoloji, həm də iqtisadi təsir göstərir.

Bu iki texniki səbəblə yanaşı, ABŞ-da ehtiyatların azalması da neftin qiymətinə təsir göstərən faktorlar sırasındadır. Son zamanlar ABŞ-da ehtiyatların azalması qeydə alındı. Lakin gözlənti ondan ibarət idi ki, şist neftinin hasilatında daha ciddi artımlar olacaq. Çünki mövcud qiymətlər şist neftinin hasilatını stimullaşdırır. Amma gözləntilərin əksinə olaraq ABŞ-da ehtiyatların azalması qeydə alındı. Odur ki, qiymət artımı müşahidə olundu.

Qiymət artımının nə qədər davam edəcəyini düşünürsünüz?

– Böyük Britaniyada sözügedən kəmərin yenidən tam olaraq bərpa edilməsi qiymətlərə təsir göstərəcək və qiymətlərin yenidən aşağı düşməsinə gətirib çıxara bilər. Amma kəmərdə qəza baş verməzdən öncə də Brent markalı neftin dəyəri təxminən 62 dollar ətrafında dəyişirdi. Hazırda da qiymət 65 dollara yaxındı. Bu baxımdan əgər neftin qiymətində ucuzlaşma baş verərsə, neft yenidən 62 dollara qədər ucuzlaşa bilər. Burada digər əhəmiyyətli məqam ondan ibarətdir ki, kəmər bərpa olunduğu halda belə bazar yeni qiymətə adaptasiya olunarsa, bu artıq qiymətin indiki intervalda stabilləşməsinə səbəb ola bilər. Amma çox böyük ehtimalla, xüsusilə Böyük Britaniya və Nigeriyada neft nəqli bərpa edildikdən sonra qiymətlərin yenidən təxminən 60 dollara olmasını müşahidə edəcəyik.

Amma ortamüddətli perspektivdə ABŞ-da neft hasilatı çox önəmlidir. ABŞ OPEC+ anlaşmasına qoşulmayıb. Odur ki, burada neft hasilatının və neft ehtiyatları həcminin dəyişməsi birmənalı şəkildə bazara təsir göstərir. O baxımdan növbəti dövrdə neftin qiymətinin necə dəyişməsi həm də birmənalı şəkildə ABŞ-da neft ehtiyatlarının dəyişməsindən asılı olacaq.

2018-ci ildə ABŞ-da şist nefti hasil edən quyuların sayında, eləcə də ABŞ neft ehtiyatlarının həcmində artım müşahidə olunarsa, o zaman bu qiymətin yenidən azalmasına səbəb ola bilər.  Amma bütövlükdə  beynəlxalq qurumlar 2018-ci il üçün neftin  bir barelinin qiymətinin 60 dollar ətrafında dəyişəcəyini gözləyirlər.

Hasilatın azaldılmasıyla bağlı sazişdən ölkələrin hansı sxem üzrə çıxacağı maraqla gözlənilir. Sizcə, sazişin müddəti başa çatdıqdan sonra qiymətlərdə kəskin ucuzlaşma müşahidə oluna bilərmi?

– Sazişin 2018-ci ilin sonuna qədər uzadılması onun bu müddət ərzində qüvvədə qalması anlamına gəlir. Təbii ki, xüsusi fors-major hallar baş verməzsə, xüsusilə də Yaxın Şərqdə neft hasil edən ölkələrin münasibətləri kəskinləşməzsə, saziş 2018-ci ilin sonuna qədər qüvvədə qala bilər.

Yeni mexanizmlə bağlı hələlik ictimaiyyətə, eləcə də beynəlxalq mətbuata məlumat təqdim olunmayıb. Amma söhbət çox güman ki neftin qiyməti stabilləşdikdən sonra dövlətlərin, xüsusilə də OPEC-ə üzv olmayan ölkələrin sazişdən mərhələli şəkildə çıxmasından gedə bilər.  Çünki neftin qiyməti stabilləşdikdən sonra artıq OPEC-ə  üzv olmayan ölkələrin bir qismi öz dövlət gəlirlərini artırmaq və stabilləşdirmək üçün sazişdən çəkilə bilərlər. Bu versiyalardan biridir. Amma əslində daha çox  gözlənilən versiya da məhz budur.

Belə olan halda dünya bazarına hansı həcmdə neft çıxarılacağı yenə də həlledici olacaq. Əgər dünya bazarına çıxarılan neftin həcmində artımlar  baş verəcəksə, yenidən təklifin tələbi üstələməsi qeydə alınacaqdır.  Bu zaman qiymətlərin yenidən aşağı düşməsini müşahidə edə bilərik. Ona görə də növbəti dövrdə, xüsusilə 2018-ci ildən sonrakı dövrdə qiymətlərin necə dəyişməsi anlaşma başa çatdıqdan sonra  dünya bazarına nəql edilən neftin həcmindən birbaşa asılı olacaq.

Hazırda Azərbaycan neftinin dəyəri 66-67 dollar civarındadır. Büdcədə isə neftin qiyməti 45 dollar nəzərdə tutulub. Neftdən əldə olunan əlavə gəlir necə və hansı sahələrə sərf oluna bilər?

– Bununla bağlı xüsusi sərəncam verilməsi və ya qaydaların müəyyənləşdirilməsinə ehtiyac yoxdur. Mövcud qanunvericiliyə əsasən, neftin qiyməti büdcədə nəzərdə tutulandan çox olarsa, əlavə vəsait Dövlət Neft Fondunda yığılır. Sözsüz ki neftin qiymətinin yüksək olması Dövlət Neft Fondunun gəlirlərinin artmasına və dövlət rezervlərinin çoxalmasına səbəb olur. Odur ki, neftin dünya bazar qiymətinin yüksək olması həm dövlət gəlirlərinin, həm də Dövlət Neft Fonduna daxilolmaların artırılması baxımından vacibdir. Qanunvericiliyə əsasən, əgər  neftin dünya bazar qiyməti büdcədə nəzərdə tutulan qiymətdən yüksək olarsa, o halda artıq büdcəyə yenidən baxılması, əlavə və düzəlişlərin edilməsi mümkündür. Bu mənada, parlamentin qərarından asılı olaraq ya vəsait Dövlət Neft Fonduna yığıla bilər, ya da 2018-ci ilin büdcəsinə əlavə və dəyişikliklər edilməklə büdcə gəlirlərinin artırılması mümkündür. Hansı yolun seçiləcəyi 2018-ci ilin birinci yarısında neftin qiymətinin necə dəyişməsindən asılı olacaq. Amma bütün hallarda neftin qiymətinin büdcədə nəzərdə tutulandan daha çox olması nəticə etibarilə Azərbaycanın dövlət maraqlarına uyğundur.

Aydan Axundova

OilGas.az

544 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ