SOCAR: “Vergilər Nazirliyinin şirkətdə yoxlama aparması adi haldır”

SOCAR: “Vergilər Nazirliyinin şirkətdə yoxlama aparması adi haldır”

Vergilər Nazirliyi Dövlət Neft Şirkətində (SOCAR) uçotun tələblərinə riayət edilməsinə dair yoxlamalara başlayıb.

OilGas.az xəbər verir ki, bu barədə unikal.org saytı məlumat yayıb. Məlumata əsasən, yoxlamalar şirkətin baş ofisi və idarələrində aparılır. Yoxlamalar vasitəsilə son 5 il ərzində şirkətin maliyyə hesabatlarının tələblərinə nə dərəcədə düzgün riayət olunub-olunmadığı araşdırılır.

SOCAR-ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Əhmədov OilGas.az-a açıqlamasında şirkətdə yoxlamalar aparıldığını təsdiqləyib:

“SOCAR Azərbaycanın ən böyük vergi ödəyicisi olan şirkətdir və şirkətdə Vergilər Nazirliyi tərəfindən mütəmadi cari yoxlamalar aparılır. SOCAR dövlətin əsas vergi ödəyicisi olduğuna görə bu cür yoxlamalar daha əvvəl də tez-tez həyata keçirilib ki, bu da təbii haldır. Yoxlamalar keçirməklə Vergilər Nazirliyi sadəcə özünün birbaşa funksiyasını icra edir, SOCAR isə Vergilər Nazirliyinin yoxlamalarına qarşı daim açıq olub və olacaq. Bundan əlavə olaraq, SOCAR həm də ictimaiyyətə qarşı şəffaflığı təmin etmək üçün öz təşəbbüsü ilə dünyanın aparıcı audit şirkətlərindən biri olan Ernst&Young şirkəti ilə artıq uzun illərdir ki, əməkdaşlıq edir və həmin şirkət hər il dərc edilən SOCAR-ın maliyyə hesabatlarını yoxlayır, təsdiqləyir və həmin obyektiv və neytral yoxlamadan sonra hesabatlar ictimaiyyətə təqdim olunur. Bununla da SOCAR öz hesabatlarının yüksək şəffaflığını və dəqiqliyini təmin edir”.

Aydan Axundova

8762 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ