TAP layihəsində irəliləyiş

TAP layihəsində irəliləyiş

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin Albaniya hissəsinin inşasında istifadə olunacaq boruların 85 faizi sahələrə çatdırılıb.

Bu barədə AZƏRTAC-a müsahibəsində TAP-ın kommunikasiya rəhbəri Lisa Givert deyib.

“Ötən ilin aprelindən etibarən TAP-ın Albaniya hissəsinin tikintisində istifadə olunacaq borular Durres limanına gəlməkdə davam edir. TAP-ın 215 kilometrlik Albaniya hissəsinin inşasında istifadə ediləcək təxminən 13 min borunun indiyədək 85 faizi sahələrə təhvil verilib”, – deyə TAP-ın kommunikasiya rəhbəri əlavə edib.

Qeyd edək ki, Albaniyada giriş yollarının və körpülərin modernləşdirilməsinin birinci mərhələsi artıq başa çatıb. Bu mərhələdə təxminən 58 kilometr yolun, iki yeni körpünün tikintisi və 40 körpünün əsaslı təmiri, modernləşdirilməsi həyata keçirilib. Bu il Albaniyada TAP layihəsinə sərmayə qoyuluşu 400 milyon avro civarında olacaq. Ümumilikdə, TAP-ın Albaniya hissəsi 1,5 milyard avroya başa gələcək.

Albaniya Bankı (“Bank of Albania”) tərəfindən yayılan məlumata görə, ötən il bu ölkədə TAP layihəsinə yatırılan 369 milyon avro dəyərindəki sərmayə birbaşa xarici investisiyaların ümumi həcminin 40 faizini təşkil edib.

Xatırladaq ki, TAP-ın təməli keçən il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. İndiyədək “Trans-Adriatik” qaz boru kəmərinin tikintisi üzrə işlərin təxminən 35 faizdən çoxu icra olunub. Layihənin ümumi dəyəri 4,5 milyard avro olacaq. Buraya 2009-cu ildən bəri davam edən dizayn və mühəndislik işləri də daxildir. “Şahdəniz” konsorsiumu ilk qaz satışını 2018-ci ilin sonunda Türkiyəyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə 2020-ci ilin əvvəllərinə planlaşdırılır. Bu yaxınlarda layihə üzrə kompressor stansiyalarının tikintisinə də başlanılacaq. Boru kəmərinin dəniz hissəsi isə 2018-2019-cu illərdə inşa ediləcək.

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan TAP layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Buradan TAP boru kəməri Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə – Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. Boru kəməri burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək.

Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur.

Boru kəmərinin uzunluğu 878 kilometr (Yunanıstan–550 kilometr, Albaniya–215 kilometr, Adriatik dənizi–105 kilometr, İtaliya–8 kilometr), diametri isə 48 düymdür. Boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçəcək. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir.

TAP-ın inşasında ümumilikdə 53 mindən çox borudan istifadə olunacaq. Boru kəmərinin Yunanıstan hissəsində 32 min, Albaniya hissəsində 13 minədək, Adriatik dənizi hissəsində 8 min 750, İtaliya hissəsində isə 660 borudan istifadə ediləcək. Boruların ümumi çəkisi 526 min tondur. Bunun da Albaniya hissəsində 126 min tonu, Yunanıstanda 323 min tonu, dəniz hissəsində 72 min tonu, İtaliyada isə 5 min tonu istifadə olunacaq.

TAP-ın səhmdarları arasında bölgü belədir: BP – 20 faiz, “Cənub Qaz Dəhlizi” QSC – 20 faiz, “Snam S.p.A.” – 20 faiz, “Fluxys” – 19 faiz, “Enagás” – 16 faiz və “Axpo” – 5 faiz.

OilGas.az

392 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ