“TAP-ın İtaliya sahilinə çıxan hissəsinin marşrutunun dəyişdirilməsi mümkün deyil”

“TAP-ın İtaliya sahilinə çıxan hissəsinin marşrutunun dəyişdirilməsi mümkün deyil”

Azərbaycan qazını Avropaya nəql edəcək Trans-Adriatik Boru Kəmərinin (TAP) Adriatik dənizindən İtaliya sahilinə çıxan hissəsinin marşrutunun dəyişdirilməsi mümkün deyil.
Oilgas.az “Report” a istinadən xəbər verir ki, bu barədə İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalenda bildirib.
O qeyd edib ki, bu hissənin dəyişdirilməsi kəmərin inşa olunmaması anlamına gələ bilərdi və bu səbəbdən hər hansı dəyişiklik mümkün deyil.
Qeyd edək ki, aprelin 6-da Latsio vilayəti məhkəməsi TAP-ın tikintisi üçün İtaliya Ekologiya Nazirliyinin Apuliya regionunun Melendunyo şəhərində boru kəmərinin marşrutu üzərindəki zeytun ağaclarının köçürülməsi ilə bağlı qərarını ləğv edib. Bundan sonra zeytun ağaclarının köçürülməsi işləri dayandırılıb. Aprelin 19-da məhkəmənin təkrar iclası keçiriləcək.
Xatırladaq ki, martın 27-də İtaliyanın Dövlət Şurası TAP-ın tikintisinə icazə verib.
Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə ilkin olaraq “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qazın Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.
Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək.
İlkin mərhələdə boru kəməri ilə ildə 10 mlrd. kubmetr “mavi yanacaq” Avropaya çatdırılacaq. 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.

Oilgas.az

412 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ