TANAP üzrə Türkiyədən nəql edilən qazın həcmi açıqlandı

TANAP üzrə Türkiyədən nəql edilən qazın həcmi açıqlandı

“TANAP-ın yaxın iki-üç il ərzində 16 milyard kubmetrlik tam ötürücülük gücünə çatacağını proqnozlaşdırırıq”.

Oilgas.az xəbər verir ki, bunu Trans-Anadolu Boru Kəməri (TANAP) konsorsiumunun Baş direktoru Saltuk Düzyol deyib.

O bildirib ki, Türkiyə hər 1000 kubmetr təbii qazın daşınması üçün 5,95 dollar məbləğində vergi alacaq: “Bu ilin ilk 7 ayı ərzində ölkədən nəql edilən 2,39 milyard kubmetr qaza görə Türkiyəyə 14,3 milyon dollar gömrük rüsumu ödənilib. Rüsumlar hər üç aydan bir ödənilir”.

S.Düzyol həmçinin şirkətin 2019-cu ilin iyunundan 2020-ci ilin iyun ayına qədər BOTAŞ-ı 4 milyard kubmetr qazla təchiz etmə öhdəliyinin olduğunu vurğulayıb.

Onun sözlərinə görə, gələcəkdə TANAP-ın ötürmə gücü 31 milyard kubmetrə qədər çatdırıla, başqa sözlə, ona yeni müştərilər qoşula, eləcə də başqa ölkələrdən qaz ötürülə bilər.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP boru kəmərinin hüquqi bazası 2012-ci ildə yaradılıb. Layihə üzrə yekun investisiya qərarı 2013-cü il dekabrın 17-də qəbul edilib. Azərbaycan və Türkiyə dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 2015-ci ildə Qarsda keçirilən təməlqoyma mərasimindən sonra kəmərin inşaat işləri başlayıb. TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan ilk mərhələsi 2018-ci ilin iyununda tamamlanıb. Həmin il iyunun 12-də iki qardaş ölkənin dövlət başçılarının iştirakı ilə Türkiyədə TANAP-ın açılış mərasimi keçirilib. Türkiyəyə kommersiya məqsədli ilk qazın nəqli 2018-ci il iyunun 30-da Əskişəhərdəki çıxış nöqtəsində başlayıb. 2019-cu ilin iyunun sonunadək layihənin Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinə qədər olan ikinci mərhələsi də uğurla başa çatdırılıb.

Layihənin yekun investisiya qərarı veriləndə ümumi xərcləri 11,7 milyard dollar həcmində qiymətləndirilirdi. Lakin icra prosesində satınalma qərarlarının əlverişli zamanda verilməsi və layihənin idarəolunmasında səmərənin maksimum artırılması nəticəsində layihə 7 milyard dollardan aşağı xərclə tamamlanıb. TANAP çərçivəsində ətraf mühitə və ictimaiyyətə hörmət ifadəsi olaraq bugünədək 1000-ə yaxın sosial və ətraf mühit layihəsini həyata keçirilib, kəmərin keyfiyyət, ətraf mühitin mühafizəsi, əməyin sağlamlığı və təhlükəsizliyi sahəsində beynəlxalq miqyasda nümunəvi göstəricilərə nail olunub.

TANAP boru kəmərinin səhmdarları SOCAR və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin birgə müəssisəsi olan Cənub Qaz Dəhlizi QSC (51%), BOTAŞ (30%), BP (12%) və “SOCAR Türkiyə” Enerji A.Ş (7%) şirkətləridir./Report/

40 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ