TANAP üçün kredit ayrıldı – 500 milyon dollar

TANAP üçün kredit ayrıldı – 500 milyon dollar

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) TANAP layihəsi üçün Azərbaycana 500 milyon dollar kredit ayırıb.

OilGas.az xəbər verir ki, kredit veriləməsi oktyabrın 18-də EBRD-nin idarə heyəti tərəfindən təsdiq olunub. Sözügedən vəsait “Cənub Qaz Dəhlizi” QSC –yə veriləcək.

Qeyd edək ki, EBRD TANAP layihəsinə maliyyə dəstəyi verən ilk qurum deyil. Belə ki, bundan əvvəl layihə üçün Dünya Bankı 800 milyon dollar, Asiya İnfrastruktur İnvestisiya Bankı 600 milyon dollar  vəsaiti ayırıb.

Xatırladaq ki, “Cənub Qaz Dəhlizi” 2014-cü ildə Azərbaycan Prezidentinin Sərəncamı əsasında yaradılıb.  Qurumun səhmlərinin 51 faizi dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49 faizi isə SOCAR-a məxsusdur.

Trans-Anadolu qaz boru kəməri (TANAP) Azərbaycanın Xəzər dənizindəki “Şahdəniz” yatağının ikinci mərhələsinin işlənməsi çərçivəsində hasil olunacaq qazın Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir. Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Türkiyə ərazisində inşa olunur. Kəmər Türkiyə-Yunanıstan sərhədindən Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəməri (TAP) ilə birləşəcək.

2015-ci il martın 17-də Türkiyənin Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə TANAP-ın təməli qoyulub. Boru kəmərinin ilkin buraxılış gücü ildə 16 mlrd. kubmetr olacaq. Bu həcmin təxminən 6 mlrd. kubmetri Türkiyəyə, qalanı isə Avropaya nəql ediləcək. TANAP kəmərinin Türkiyədə Əskişəhər və Trakyada iki çıxış nöqtəsi olacaq. Türkiyədə qazın satışını “BOTAŞ” şirkəti həyata keçirəcək. Boru kəmərinin ümumi uzunluğu 1 850 km-dir.

OilGas.Az

251 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ