TANAP-ın dəniz hissəsinin tikintisinə nə vaxt başlanılacaq? – Rəsmi açıqlama

TANAP-ın dəniz hissəsinin tikintisinə nə vaxt başlanılacaq? – Rəsmi açıqlama

Azərbaycan təbii qazının Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu qaz boru kəmərinin (TANAP) dəniz hissəsinin tikintisinə mayın sonunda başlanılacaq.

Bu barədə AZƏRTAC-a müsahibəsində TANAP-ın baş direktoru Saltuk Düzyol deyib.

“TANAP-ın Dardanel boğazından keçəcək 17,6 kilometrlik dəniz hissəsinin tikintisinə may ayının sonlarında Asiya və Avropa qitələrində yerləşən tikinti meydançalarında başlanılacaq. Boruların və fiber-optik kabellərin sifarişi artıq verilib. Boruların düzülməsinə bu ilin iyul ayının ortasında başlanılacaq və sentyabrın ortalarında yekunlaşdırılacaq. Fiber-optik kabellərin çəkilməsinə isə oktyabrda başlanılması və dekabrın əvvəlində yekunlaşdırılması planlaşdırılır. TANAP-ın dəniz hissəsi üzrə bütün mexaniki işlərin isə 2018-ci ilin iyulunda başa çatdırılması nəzərdə tutulur”, – deyə TANAP-ın baş direktoru bildirib.

Qeyd edək ki, boru kəmərinin Dardanel boğazından keçəcək 2×36 düymlük dəniz hissəsi üzrə ötən il iyulun 27-də “TANAP Doğal Gaz İletim A.Ş.” şirkəti ilə “SapuraKencana” şirkəti arasında müqavilə imzalanıb.

Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub” qaz dəhlizinin tərkib hissəsi olan layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur. Boru kəmərinə tələb olunan kapital xərcləri 8,5 milyard ABŞ dollarıdır. Layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur.

Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1334 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 450 kilometrdir. Bundan başqa, TANAP 2×36 düym diametrli 18 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir. TANAP-ın tikintisi üzrə ilk mərhələ sona çatdırılıb və hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC – 58 faiz, “Botaş” – 30 faiz və BP şirkəti – 12 faiz.

OilGas.az

191 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ