TANAP-ın açılış mərasimi keçirilir – CANLI YAYIM

TANAP-ın açılış mərasimi keçirilir – CANLI YAYIM

Əskişəhərin Seyidqazi rayonunda (Türkiyə) Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) 1340 km-lik Faza-0 hissəsinin açılış mərasimi keçirilir.

OilGas.az xəbər verir ki, mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Petro Poroşenko, Serbiya Prezidenti Aleksandr Vuçiç, rəsmi şəxslər, şirkətlərin rəhbərləri iştirak edirlər.

TANAP ümumi investisiya dəyəri 40 mlrd. ABŞ dolları məbləğində qiymətləndirilən, uzunluğu 3 500 km-dən artıq olan Cənub Qaz Dəhlizi layihəsinin əsas komponentlərindən biridir. Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur.

TANAP Türkiyənin Gürcüstanla sərhəddində yerləşən Ardahan şəhərinin Posof rayonunun Türkgözü kəndindən başlayır və Yunanıstan sərhəddində, Ədirnənin İpsala rayonunda Avropa ölkələrinə təbii qaz nəqlini həyata keçirəcək Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdiriləcək.

TANAP-ın təməli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin iştirakı ilə 17 mart 2015-ci ildə Qarsda qoyulub.

Ümumi uzunluğu 1850 km olan TANAP Faza-0 və Faza-1 hissə olaraq həyata keçirilir. Boru kəmərinin Faza-0 adlandırılan Gürcüstan-Türkiyə sərhəddi-Eskişəhər hissəsinin diametri 56 düym, uzunluğu 1340 km təşkil edir. Avropaya qaz veriləcək Faza-1 adlandırılan hissənin (Eskişəhər-Ədirnə -Avropaya qədər olan hissə) isə diametri 48 düym, uzunluğu 476 km-dir. Faza-1 2019-cu ildə Avropa üçün qazı qəbul etməyə hazır olacaq.

TANAP-ın dəyəri 8 mlrd. ABŞ dolları məbləğində qiymətləndirilir. Kəmərin ilkin illik ötürücülük gücü 16 mlrd. kubmetr təşkil edir. Bu həcmin 6 mlrd. kubmetri Türkiyədə istifadə olunacaq, 10 mlrd. kubmetri isə Avropaya nəql ediləcək.

TANAP layihəsində “Cənub Qaz Dəhlizi” QSC 51%, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş” 7%, BOTAŞ 30%, BP 12% paya malikdir.

23 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ