SOCAR və CNPC prezidentləri arasında görüş olub

SOCAR və CNPC prezidentləri arasında görüş olub

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Çinin Milli Neft Şirkətinin (CNPC) Bakıda səfərdə olan prezidenti Vanq Yilinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

OilGas.az SOCAR-a istinadən xəbər verir ki, qonaqları səmimi salamlayan R. Abdullayev SOCAR ilə CNPC arasında faydalı əməkdaşlığın mövcud olduğunu və bu əməkdaşlığın dövlətlərarası münasibətlərin möhkəmlənməsinə əhəmiyyətli töhfə verdiyini bildirib. O qeyd edib ki, qarşılıqlı səfərlər və görüşlər əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanlar açır.

Görüş zamanı Çin prezidenti Si Tszinpinin “Bir Kəmər, Bir Yol” təşəbbüsü və onun çərçivəsində müntəzəm olaraq keçirilən “İpək Yolu” zirvə görüşlərinin əhəmiyyəti vurğulanıb, Azərbaycanın neft-qaz sektorunun bu təşəbbüsə verə biləcəyi töhfə müzakirə edilib. Bildirilib ki, Azərbaycan tərəfi SOCAR GPC layihəsində Çin investorları və şirkətlərinin aktiv iştirakını hərtərəfli dəstəkləyir.

Səmimi qəbul üçün təşəkkürünü bildirən və Azərbaycana səfərindən məmnunluğunu ifadə edən V.Yilin qeyd edib ki, Çin və Azərbaycanın dövlət rəhbərləri iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsinə böyük önəm verirlər və bu istiqamətdə şirkətlərarası əməkdaşlığın dərinləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bakının qədim neft diyarı olduğunu və Azərbaycanın təbii sərvətlərlə zənginliyini vurğulayan qonaq CNPC-nin müxtəlif sahələrdə SOCAR-la əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu söyləyib.

O, həmçinin bildirib ki, CNPC spesifik müasir texnologiyalara malikdir və bu texnologiyaların Azərbaycanda həyata keçirilən layihələrə tətbiq edilməsi ölkənin təbii sərvətlərinin effektiv reallaşdırılmasına xidmət edə bilər. SOCAR və CNPC arasında GPC layihəsi üzrə imzalanan memorandumun bu layihənin inkişafına təkan verdiyini xatırladan V.Yilin Çin hökumətinin GPC-yə mühüm əhəmiyyət verdiyini vurğulayıb.

Görüş iştirakçıları GPC layihəsinə dair Çin dilində videotəqdimatı izləyiblər. Təqdimatdan sonra R.Abdullayev GPC-nin SOCAR və CNPC-i birləşdirən mühüm layihə olduğunu qeyd edərək bildirib ki, bu istiqamətdə böyük yol qət olunub, amma dayanmaq olmaz, daim irəliləmək lazımdır. O, SOCAR-ın CNPC-ni maraqlandıran sahələrdə əməkdaşlığa hazır olduğunu söyləyib, ölkəmizdə xarici investorlar üçün yaradılmış əlverişli imkanlardan söz açıb.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub.

OilGas.az

195 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ