“SOCAR Türkiyə bazarında rəqabət yaradacaq” – Türkiyəli ekspert

“SOCAR Türkiyə bazarında rəqabət yaradacaq” – Türkiyəli ekspert

“Türkiyə ilə Azərbaycan arasında Sovet İttifaqının dağılmasından sonra 25 ildir enerji sahəsində əlaqələr mövcuddur”

Bunu OilGas.az-a açıqlamasında Türkiyənin Enerji Bazarları və Siyasəti İnstitutunun (EPPEN) rəhbəri, enerji məsələləri üzrə mütəxəssis, Dr. Volkan Özdemir deyib.

Hazırki Türkiyə-Azərbaycan münasibətlərini şərh edən Özdemir bildirib ki, iki qardaş ölkə arasında əlaqələr daha da inkişaf etdirilməlidir:
“Əlaqələr inkişaf etdirildikdə, hər iki tərəfin maraqları nəzərə alınmalıdır. Daha böyük həcmdə, daha konkret layihələr həyata keçirilməlidir. Fikrimcə, Türkiyə şirkətləri Azərbaycanın enerji sektorunda daha fəal iştirak etməlidir. Azərbaycan da sərmayələrini, xüsusilə də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) brendi ilə yatırdığı sərmayələri daha real və daha konkret təməllər üzərində qurmalıdır. Bundan əlavə, hər iki ölkə şirkətlərinin üçüncü dövlətlərdə ortaq işbirliyi həyata keçirməsi, enerji layihələrinə imza atması çox vacibdir”.

Bundan başqa Volkan Özdemir Rusiyaya qarşı sanksiyaların “Şimal Axını-2” layihəsini dayandıra biləcəyindən və bunun Türkiyə üçün hansı nəticələr doğuracağından bəhs edib:

“Hazırda “Şimal Axını-2” layihəsinin ABŞ tərəfindən tətbiq edilən sanksiyalara tabe olduğunu görürük. Sanksiyalar bu layihənin dayanmasına səbəb ola bilər. Çünki, digər iştirakçı ölkələr üçün müxtəlif cəzalar tətbiq ediləcəyi istisna deyil. Bu baş verərsə, Türkiyənin xeyrinə olacağını düşünürəm. Türkiyə Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşulmur. Əgər “Şimal Axını-2” layihəsi dayandırılarsa, Rusiya ilə Türkiyə daha da yaxınlaşmaq məcburiyyətində qalacaq və daha çox layihələr ortaya çıxacaq. “Türk Axını” layihəsinin önəmi artacaq, eyni zamanda onun tutumun artması da müzakirə mövzusu olacaq. Fikrimcə, sanksiyalar Rusiyadan daha çox Avropa şirkətlərini hədəfə alacaq”.

Ekspert SOCAR-ın İzmirdə həyata keçirdiyi layihələri də dəyərləndirib. O, İzmirin Əliağa bölgəsindəki Neft Emalı Zavodunun çox böyük önəm daşıdığını vurğulayıb:
“Hazırda Türkiyənin neft emalı sahəsində “tək əl” var. Bu da “Tüpraş” şirkətidir. SOCAR-ın bu sərmayəsi olduqca düzgün yatırımdır. Çünki bununla Türkiyə bazarına az da olsa rəqabət yaranacaq. Eyni zamanda “Petkim”in modernizasiya edilməsi Türkiyənin neft-kimya sektorunda böyük önəm daşıyır. Düşünürəm ki, bu layihələr tez bir zamanda yekunlaşmalıdır”.

Aydan Axundova

OilGas.Az

Ankara

273 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ