SOCAR STAR zavodunda yüzlərlə işçi zəhərləndi – Rəsmi açıqlama

SOCAR STAR zavodunda yüzlərlə işçi zəhərləndi – Rəsmi açıqlama

SOCAR-ın Türkiyədəki törəməsi olan “STAR Rafineri” neft emalı zavodunda zəhərlənmə hadisəsi qeydə alınıb.

OilGas.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, ötən gün zavodun çox sayda işçisi naharda verilən yeməkdən zəhərləndiyini iddia edib. Zəhərlənən işçilərin sayının təxminən 1500 nəfər olduğu bildirilir.

SOCAR rəsmiləri hadisəni təsdiqləsələr də, 1500 deyil, 346 nəfərin zəhərləndiyini qeyd ediblər. Zəhərlənən işçilər xəstəxanaya aparılıblar. Tibbi yardım göstərilən işçilərin vəziyyətinin yaxşı olduğu bildirilir.

İşçilərin yeməyindən alınan nümunələr yoxlanmaq üçün laboratoriyaya göndərilib.

SOCAR Türkiyənin İzmir şəhərində yerləşən STAR neft emalı zavodunda baş verən kütləvi zəhərlənmə hadisəsinə münasibət bildirib.

SOCAR-ın Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Nizaməddin Quliyev APA-ya açıqmasında bildirib ki, zəhərlənmənin qidadan baş verib-verməməsi barədə danışmaq tezdir: “Zəhərlənmə nəticəsində 2 nəfər xəstəxanaya yerləşdirilib, 300 nəfərə yaxın işçi isə özünü narahat hiss etdiyi üçün tibbi müayinə alır. Hadisənin baş vermə səbəbinin qida olub-olmaması araşdırılır. Belə ki, qida nümunələri laboratoriyaya göndərilib”.

Dövlət şirkətinin rəsmisi onu da qeyd edib ki, STAR neft emalı zavodunun ərazisində yüzlərlə podratçı şirkət fəaliyyət göstərir və sözügedən hadisə də məhz o şirkətlərdən birinin sahəsində baş verib: “Həmin podratçının bir keytrinq şirkəti ilə müqaviləsi var və əməkdaşlıq çərçivəsində şirkət işçilərinə ödənişsiz yemək verir. Başqa sözlə, məsələnin SOCAR və ya STAR-a aidiyyəti yoxdur”.

OilGas.az

 

81 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ