SOCAR-ın yeni vitse-prezidenti kimdir? – Dosye

SOCAR-ın yeni vitse-prezidenti kimdir? – Dosye

Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İsgəndərov SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti təyin olunub.

Oilgas.az xəbər verir ki, Daşqın İsgəndərov 1965-ci ildə Şamaxı rayonunda anadan olub. 1983-1985-ci illərdə hərbi xidmətdə olub və xidməti tamamlayaraq 1985-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi fakültəsinə daxil olub. İnstitutu 1991-ci ildə bitirərək dağ mühəndisi ixtisasına yiyələnib.

1991-ci ildə 28 May Neft-Qazçıxarma İdarəsinin (NQÇİ) 5 saylı dərin dəniz özülündə neft-qazçıxarma operatoru kimi əmək fəaliyyətinə başlayıb. 1999-cu ilədək orada operator, mühəndis, Neftin və qazın ilkin hazırlanması və nəqli sexinin rəisinin müavini və rəisi vəzifələrini icra edib. 1999-2007-ci illərdə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində və daha sonra “BP Exploration Caspian Sea Limited” şirkətində əməliyyatlara nəzarət mərkəzində texnik və daha sonra istehsalat üzrə sahə rəhbəri vəzifəsində çalışıb.

2007-2010-cu illərdə 28 May NQÇİ rəisinin 1-ci müavini, daha sonra isə rəisi vəzifəsinə təyin edilib. Daşqın İsgəndərov 2010-cu ildə Azneft İstehsalat Birliyində Baş direktorun 1-ci müavini vəzifəsində işləyib. 2011-ci ildən etibarən Azneft İstehsalat Birliyinin Baş direktoru vəzifəsində çalışıb.

D.İsgəndərov 15-dən çox elmi məqalə, o cümlədən dərslik kimi istifadə olunan 2 kitab, 8 ixtira və patent müəllifidir.

O, 2014-cü ildə Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb. Azərbaycanda neft yataqlarından sənaye üsulu ilə iki milyardıncı ton neftin hasil edilməsi münasibətilə neft və qaz sənayesinin inkişafında xidmətlərinə görə 2017-ci il noyabr ayının 7-də “3-cü dərəcəli Əmək ordeni” alıb.

Ailəlidir, 2 övladı var.

41 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ