“SOCAR GPC” layihəsinin istismara veriləcəyi tarix açıqlandı

“SOCAR GPC” layihəsinin istismara veriləcəyi tarix açıqlandı

“SOCAR GPC” layihəsinin (qaz emalı və qaz-kimya zavodları kompleksi) 2022-ci ilin I rübündə istismara verilməsi nəzərdə tutulub.

“APA-Economics” xəbər verir ki, bunu “SOCAR Polymer” şirkətinin baş maliyyə analitiki Babək Beydullayev Bakıda keçirilən “Caspian Energy Forum-2017”-də çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hazırda layihənin maliyyələşdirilməsi ilə bağlı müxtəlif maliyyə institutları ilə danışıqlar aparılır: “Müxtəlif variantlar nəzərdən keçirilib. Böyük ehtimalla, layihə çərçivəsində maliyyə sazişi 2017-ci ilin sonu və ya 2018-ci ilin əvvəli imzalanacaq. Layihə isə 2022-ci ilin I rübündə istismara veriləcək”.

Analitik xatırladıb ki, layihənin ümumi dəyəri 4 mlrd. dollar təşkil edir.

“Kompleksdə istehsal olunan məhsulların 50%-i Türkiyəyə ixrac olunacaq. Bununla yanaşı, buz yaxın Şərq, Çin və bəzi Avropa ölkələrini də potensial bazar kimi qiymətləndiririk”, – deyə B. Beydullayev qeyd edib.

Qeyd edək ki, ötən ilin dekabrın 20-də layihə çərçivəsində lisenziya müqavilələri “Technip”, “Univation”, “Axens” və “SinopecTech” şirkətləri ilə imzalanıb. Müqavilələrə əsasən, SOCAR həmin layihə çərçivəsində müvafiq texnologiyalardan istifadə lisenziyasını əldə edir, lisenziya verən şirkətlər isə Bakının 15 kilometrliyində, Qaradağda tikiləcək qaz emalı və qaz-kimya zavodları üçün müvafiq mühəndislik və dizayn həllərini SOCAR-a təqdim edirlər.

Bildirilmişdir ki, respublikamız üçün mühüm əhəmiyyət kəsb edən bu layihənin Çinin İpək Yolu İqtisadi Kəməri layihəsi çərçivəsində maliyyələşdirilməsi planlaşdırılır. SOCAR GPC Layihəsi Azərbaycanda hasil edilən təbii qaz və qaz-kondensat xammalının emalı, C2+ fraksiyalarının polimerləşməsi, əldə olunan polietilen və propilen məhsullarının Türkiyə, Qərbi Avropa və Çin kimi ölkələrə ixrac edilməsini nəzərdə tutur. Polietilen məhsullarının ixracına 2022-ci ildə başlanılması proqnozlaşdırılır.

Yeni layihə çərçivəsində illik istehsal gücü 10 mlrd. kubmetr olan qaz emalı zavodu və qaz-kimya zavodunun (bu zavodların həmin seqmentlər üzrə dünyadakı ən böyük müəssisələrdən olması nəzərdə tutulur) inşa edilməsi, qaz-kimya zavodunun tərkibində fəaliyyət göstərəcək istehsal gücü ildə 610 min ton olan qazla işləyən piroliz qurğusunun, istehsal gücü ildə 600 min ton olan polietilen qurğusunun, habelə Buten-1 və Hexen-1 qurğularının quraşdırılması, həmin zavod və qurğulara xidmət göstərmək üçün ümumzavod təsərrüfatı və yeni İstilik Enerji Mərkəzinin yaradılması planlaşdırılıb. “SOCAR GPC” layihəsinin mühəndis-konstruktor və tikinti işlərinin dünyanın aparıcı lisenziarları tərəfindən hazırlanan layihələr əsasında Azərbaycan şirkətlərinin dəstəyi ilə mühəndislik, satınalma və tikinti layihələri sahəsində geniş təcrübəsi olan HQC şirkəti tərəfindən həyata keçirilməsi nəzərdə tutulub.

OilGas.az

439 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ