SOCAR BMT-nin İnkişaf Proqramı ilə niyyət protokolu imzaladı

SOCAR BMT-nin İnkişaf Proqramı ilə niyyət protokolu imzaladı

Bu gün Azərbaycan Dövlət Neft Şirkəti və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) arasında ətraf mühitin qorunması sahəsində əməkdaşlığı davam etdirmək məqsədi ilə Niyyət Protokolu imzalanıb.

OilGas.az xəbər verir ki, sənədi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BMT-nin Rezident Əlaqələndiricisi Qulam İsakzai imzalayıb.

Protokol iqlim dəyişmələri, enerji səmərəliliyi, atmosferə atılan karbon qazının azaldılması və ümumən ətraf-mühitin qorunması sahələrində birgə layihələr həyata keçirməyə və mövcud əməkdaşlığı genişləndirməyə imkan yaradacaq.

BMTİP və SOCAR 2015-ci ildən etibarən “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planları (NAMA)” birgə layihəsini həyata keçirirlər. Gələcək əməkdaşlığa dair Niyyət Protokolunun imzalanmasından sonra SOCAR Tower-də NAMA layihəsi çərçivəsində görülmüş tədbirlərə həsr olunan elmi-texniki konfrans keçirilib.

Tədbirdə çıxış edən SOCAR-ın Ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə qeyd edib ki, SOCAR-ın UNDP ilə birgə həyata keçirdiyi NAMA layihəsi ölkədə enerjiyə qənaət edən və karbon emissiyası aşağı olan texnologiyaları dəstəkləyir: “Layihə çərçivəsində artıq 6 külək turbini və 63 kw gücündə günəş panelləri quraşdırılıb, il ərzində 1000-ə yaxın işçiyə eko-sürücülük təlimləri keçirilməsi planlaşdırılıb. Həmçinin “Siyəzənneft” NQÇİ-nin Zağlı-Zeyvə yatağı ərazisində 63 quyuda səmt qazının yığılıb emal edilərək əhaliyə verilməsi istiqamətində işlərə başlanılıb. Layihə çərçivəsində il ərzində 6,8 milyon kubmetr səmt qazının yığılması nəzərdə tutulur.”

BMT-nin Rezident Əlaqələndiricisinin müavini Alessandro Frakasetti isə bildirib ki, iqlim dəyişmələrinə qarşı tədbirlər, enerji səmərəliliyi və dayanıqlı inkişafın təmin edilməsi bu gün nəinki Azərbaycan, həm də bütün dünya üçün əhəmiyyət kəsb edən məsələlərdir: “Bu baxımdan SOCAR-ın ekoloji layihələri, o cümlədən 2010-cu ildən qüvvədə olan İqlim Dəyişmələrinə Təsirlərin Azaldılması Strategiyası böyük qlobal missiyanın tərkib hissəsidir.”

Qeyd edək ki, SOCAR NAMA layihəsini Qlobal Ekoloji Fond (GEF) və UNDP ilə birgə olaraq, 3 istiqamət üzrə həyata keçirir: binalarda enerji səmərəliyinin artırılması, nəqliyyatda alternativ yanacağa keçid və neft quyularında səmt qazının yığılması. Layihə 2020-ci ildə yekunlaşacaq.

Xatırladaq ki, 2013-cü ildən başlayaraq, SOCAR hər il özünün birgə müəssisələrində və digər əməliyyatçı şirkətlərdə atmosferə atılan çirkləndirici qazların ümumi miqdarının hesablanmasını həyata keçirir. Beynəlxalq təşkilatlarla müştərək keçirilən proqramlardan əlavə olaraq, SOCAR Azərbaycanda ətraf mühitin qorunması istiqamətində hər il birbaşa öz imkanları ilə çirklənmiş torpaqların təmizlənməsi və yaşıllaşdırılması, tullantıların idarə olunması, ekosistemin bərpası və s. kimi zəruri tədbirləri həyata keçirir.

41 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ