SOCAR analitik metanol istehsalına başladı

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC yeni istehlak məhsulunun – analitik metanolun istehsalına başlayıb.

OilGas.az SOCAR-a istinadən xəbər verir ki, bununla da Azərbaycanın qaz kimya sənayesində ilk dəfə olaraq, son istehlak məhsullarının istehsalına start verilib.

Analitik metanoldan laboratoriyalarda kimyəvi reaktiv kimi istifadə edilir. Hazırda “SOCAR Methanol” analitik metanolu alıcılara müxtəlif həcmli taralarda təqdim edir. Artıq bir neçə yerli şirkətlə müqavilələr bağlanılıb və ilkin satış həyata keçirilib.

“Əlamətdar haldır ki, “SOCAR Methanol”un istehsal etdiyi analitik metanol məhsulu SOCAR brendi altında “Made in Azerbaijan” markası ilə buraxılır. SOCAR daxili bazarla yanaşı Türkiyə, MDB və Qərbi Avropa ölkələrində fəaliyyət göstərən laboratoriyaları da analitik metanolla təmin etmək iqtidarındadır.

Beynəlxalq standartlara əsasən, təmizlik dərəcəsi 99,90 %-dan çox olan metanol, analitik metanol kimi istifadə edilə bilər. SOCAR-ın istehsal etdiyi məhsulun təmizlik dərəcəsi 99,98% təşkil edir. Məhsulun keyfiyyəti həm daxili kimyəvi laboratoriya və həm də beynəlxalq nüfuza malik olan təftiş şirkətləri tərəfindən mütəmadi yoxlamadan keçirilir”, – deyə məlumatda qeyd edilib.

“SOCAR Methanol”un baş direktoru Elnur Mustafayevin sözlərinə görə, bu gün analitik metanol istehsalının başlanması ilə Azərbaycanın emal sənayesində yeni bir səhifə açılır:

“Bu günə qədər SOCAR qaz-kimya sənayesində aralıq məhsullarını istehsal edirdisə, artıq bu sahədə son istehlak məhsulunun istehsalına da başlanılıb. Bununla da SOCAR inteqrə olunmuş beynəlxalq şirkətə çevrilmək yolunda daha bir mühüm addım atıb”.

Xatırladaq ki, metanol zavodu 2013-cü ildən fəaliyyət göstərir. İllik maksimal istehsal gücü 650-700 min ton olan zavodun tikintisi ilə Azərbaycanda qaz-kimya sahəsində ilk istehsal obyektinin əsası qoyulub. Zavodun qurulmasında İngiltərənin ICI firmasının aşağı təzyiqli metanol istehsalı texnologiyası tətbiq olunub. İstehsal prosesində xammal kimi əsasən təbii qaz və su buxarından istifadə edilir.

SOCAR son illərdə məhz neft-qaz emalı və kimya sənayesinə qoyulan sərmayələri artıraraq, Azərbaycan və dünya bazarında bir neçə böyük layihənin icrasına başlayı. Azərbaycanda fəaliyyət göstərən “Azərikimya” İstehsalat Birliyi və “SOCAR Metanol” ilə yanaşı “SOCAR Polymer” və SOCAR Karbamid zavodları bu ildən etibarən istismara veriləcək. Yeni zavodların fəaliyyətə başlaması və mövcud zavodların məhsul portfelinin genişləndirilməsi SOCAR-ın dəyər zəncirini təkmilləşdirərək, Azərbaycana əlavə gəlir qazandıracaq, yeni iş yerlərin açılması, habelə milli iqtisadiyyatın şaxələndirilməsi baxımından mühüm töhfələr verəcək.

128 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ