Şərait var, neft yox… – Ankaradan reportaj

Şərait var, neft yox… – Ankaradan reportaj

Ankarada 6-cı gün…

TİKA-nın (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi) “Anadolu Ajansı”yla birgə Ankarada enerji müxbirləri üçün təşkil etdiyi təlimlər davam edir.

Bu dəfəki ziyarətimiz də maraqlı alındı. Hər halda “Türkiyə Petrolleri”nə baş çəkmək, oradakı şəraitlə tanış olmaq enerji müxbiri üçün nağılın sonunda göydən üç almanın düşməsinə bərabərdir.

Daha bir həyəcan, daha bir təcrübə. Buna görə “Anadolu Ajans”a təşəkkür borcluyuq.

Artıq sözügedən şirkətə doğru addımlayırıq.

Uzaqdan görünən nəhəng bina əzəmətilə diqqət çəkir. Binanın əsas giriş qapılarına çatanda isə qarşılaşdığım mənzərə məndə olan marağı daha da artırır. Yaşıllıqlar içərisində “neft şəhəri”…

Elə bu səbəbdən şirkətdə keçirəcəyimiz zamanın səmərəli keçəcəyini düşünürdüm. Və az sonra fikrimdə yanılmadığımı hiss etdim.

Əvvəlcə əraziyə daxil olmaq üçün lazımı icazəmiz olduğu yoxlanıldıqdan sonra həyətə daxil oluruq. Qarşılanıb konfrans zalına keçirik. Burada bizə Türkiyənin enerji siyasəti, qardaş ölkənin əməkdaşlıqları, apardığı əməliyyatlar barədə ətraflı məlumat verilir. Öyrənirik ki, təbii qaynaqlar cəhətdən olduqca kasıb olan Türkiyənin xarici bazarlardan neft asılılığı 93%-dən yüksəkdir.

Daha sonra isə binanın laboratoriyalarını gəzməyə başlayırıq.

İlk olaraq quyulardan alınan neft nümunələrinin incələndiyi laboratoriyaya daxil oluruq. Süxurlardan çıxarılan nümunələr buraya göndərilir. Həmin maddələrin molekulyar və izotopik dəyərləndirmələrlə biokimyəvi özəllikləri incələnir. Bu şəkildə bölgələrin neft potensialı barədə dəyərləndirmə aparılır.

Növbəti “dayanacaq” qazma işləri üzrə bölmədir. Burada qazma əməliyyatlarında əldə edilən məhlullar test edilir, kimyəvi analizlər həyata keçirilir. Görülən işlər barədə ətraflı məlumat verən şirkət nümayəndəsi aşağıda yüksək texnologiyaya sahib daha bir laboratoriyanın olduğunu deyir. Həmin laboratoriyada qazma axınlarının kimyəvi və fiziki xüsusiyyətləri araşdırılır. Həmçinin öyrənirik ki, burada quyuların yoxlanılması mərkəzləri mövcuddur.

Qısa zaman ərzində baş çəkdiyimiz növbəti ünvan sement laboratoriyası olur. Bu laboratoriyada “Türkiyə Petrolleri”nin və yaxın coğrafiyadakı neft şirkətlərinin neft, təbii qaz, geotermal sularının çıxarıldığı quyular üçün sement hazırlanır. Şirkət nümayəndəsi burada istifadə edilən cihazların quyuların xüsusiyyətlərini daşıdığını, odur ki, yüksək təzyiq və istiliklə çalışdığını bildirir. Təbii ki, belə cihazlarda çalışmaq təhlükəlidir. Məhz buna görə də, həmin cihazlarla çalışan heyət xüsusi təlimi keçir. Türkiyədə istehsal olunan neft quyusu sementlerinin kefiyyət standartlarına uyğun olub-olmaması da burada yoxlanılır. Eyni zamanda, laboratoriyada quyu sementlərində istifadə olunan kiyəvi məhlulların keyfiyyəti də test edilir.

Kiçik otaqlarda aparılan nəhəng işlər heyrət doğurur. Bizə ayrılan vaxt başa çatmaq üzrə olduğu üçün bir yerdən digərinə sürətlə keçirik. Amma hər otağa daxil olana qədər istər-istəməz öncəki otaqda gördüyüm cihazları, verilən məlumatları, içərisində neft olan ağır daşları və qoxusu hədsiz dərəcə xoşagəlməz olan kondensatları düşünürəm.

Bir də bu qədər sərt qoxusu olduğunu artıq ilk “sınaq” zamanı anladığım halda nə üçün hər birini ayrı-ayrı iylədiyimi anlamağa çalışıram. Sanki rəngləri arasındakı fərqlə diqqətimi çəkən bu məhlulları iyləsəm haqqında daha geniş məlumat əldə edəcəm.

Son olaraq rezervlərin testlərinin aparıldığı məkana daxil oluruq. Burada da testlər yüksək təzyiq altında,rezervlərin istilik dərəcəsinə uyğun, yəni çox yüksək istilikdə həyata keçirilir. Təbii artıq anlayırıq ki, bu cihazlarda çalışmaq da təhlükəli ola bilər. Zaman başa çatıb nümayəndəni daha çox dinləyə bilməsək də, burada çalışan işçilərin də xüsusi təlimlər keçdiyini təxmin etmək çətin olmur.

Beləcə “neft şəhəri”ndə bir günümüz başa çatdı. Olduqca əldə edilən lazımı məlumatlar və təcrübə sözsüz ki, işimizə çox yarayacaq. Hələ bu harasıdır? Təlimlər öz rəngarəngliyi ilə davam edir.

Aydan Axundova
Ankara

271 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ