Səfir: “TAP-ın tikintisi tam bərpa olunub”

Səfir: “TAP-ın tikintisi tam bərpa olunub”

“İtaliyada TAP layihəsi ilə bağlı işlər tam bərpa olunub və cədvələ uyğun həyata keçirilir”.

OilGas.az xəbər verir ki, bunu APA-ya açıqlamasında İtaliyanın Azərbaycandakı səfiri Canpaolo Kutillo deyib.

“Layihənin həyata keçirilməsi ilə bağlı ortaya çıxan bürokratik əngəllərə İtaliya hökuməti tərəfindən aydınlıq gətirilib. İtaliya Ali Məhkəməsi bu layihənin tamamilə qanuni və ölkənin strateji məqsədlərinə uyqun olduğu barədə qərar verib. İşlərin cədvələ uyğun davam edəcəyini düşünməyə tam əsaslarımız var və 2020-ci ildə TAP vasitəsilə ilk qazı almağı planlaşdırırıq. Latsiodakı hadisə sadəcə bu layihəyə qarşı olan bir qrup insanın qaldırdığı hüquqi məsələdir. Məhkəmədə layihənin icrasının lehinə qərar verilib”, – deyə diplomat bildirib.

Xatırladaq ki, bir müddət öncə Roma İnzibati Məhkəməsi TAP-ın inşasının dayandırmasına dair apellyasiya müraciətini rədd edib. Məhkəmə İtaliya hökumətinin zeytun ağacların köçürülməsinə dair qərarına qarşı Apulya bölgəsinin irəli sürdüyü apelyasiyanın təmin olunmaması barədə qərar çıxarıb.

Qeyd edək ki, Latsio bölgə məhkəməsi İtaliyanın Ekologiya Nazirliyi tərəfindən Apulya regionunda yerləşən Melendunyo şəhərində TAP layihəsinin tikintisi ilə əlaqədar 221 zeytun ağacının köçürülməsi ilə bağlı qərarını ləğv edib. Məhkəmənin qərarı TAP-ın Melendunyo şəhəri ərazisində tikintisinin dayandırılmasına səbəb olmuşdu.

Əlavə edək ki, cari ilin mart ayından etibarən zeytun ağaclarının köçürülməsinə başlayan TAP konsorsiumu təxribatlarla üzləşməkdədir. “5 ulduz” hərəkatı tərəfindən təsis olunan “No TAP” komitəsi ağacların köçürülməsinə qarşı çıxır. Martın 29-da baş tutan etiraz aksiyasında etirazçılarla polis arasında şiddətli qarşıdurma baş verib.

TAP layihəsi Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyasına görə strateji məqsədlərində əsas rolu oynayır. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında “Hökumətlərarası Saziş” 2013-cü ilin fevral ayında imzalanıb. Borunun uzunluğu 878 km təşkil edir. Onun fəaliyyətə başlama tarixi kimi 2020-ci ilin yanvar ayı göstərilir.

TAP-ın ilkin illik daşıma qabiliyyəti 10 mlrd. kubmetrdir (illik 20 mlrd. kubmetrədək artırıla bilər).

Layihə üzrə hazırkı pay bölgüsü: “Cənub Qaz Dəhlizi” QSC – 20%, BP – 20%, “Snam” – 20%, “Fluxys” – 19%, “Enagás” – 16%, “Axpo” – 5%.

OilGas.az

205 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ