“Şahdəniz” yatağından indiyədək 94,39 mlrd. kubmetr qaz hasil olunub

“Şahdəniz” yatağından indiyədək 94,39 mlrd. kubmetr qaz hasil olunub

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz kondensat yatağından indiyədək 94,39 milyard kubmetr təbii qaz və 24 milyon ton kondensat hasil edilib.

OilGas.az xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayevin Neftçilər günü ilə bağlı “Xalq qəzeti” nəşrində dərc olunan məqaləsində bildirilir.

“Ekspert rəylərinə əsasən, hazırda “Şahdəniz”də hasil edilməmiş təxminən 625 milyard kubmetr qaz və 117,5 milyon ton kondensat ehtiyatı mövcuddur. Yatağın işlənməsinin II mərhələsi uğurla davam etməkdədir. Bu layihənin həyata keçirilməsi Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, Bolqarıstan və İtaliyadakı milyonlarla istehlakçının təbii qaza olan ehtiyaclarını təmin etməyə hesablanıb. “Şahdəniz-2” ilk dəfə Xəzər qazını Avropa bazarına çıxaracaq “Cənub Qaz Dəhlizi”nin əsas resurs mənbəyi, başlanğıc nöqtəsidir. Layihə üzrə ümumilikdə 26 quyunun qazılması nəzərdə tutulur. Bu məqsədlə tikilən iki platformanın dayaq blokları və üst tikililəri artıq dənizdə quraşdırılıb”, – deyə o bildirib.

R.Abdullayevin sözlərinə görə, tarixdə ilk dəfə olaraq, belə bir böyük layihə üzrə bütün əsas tikinti işləri Azərbaycanda və əsasən yerli mütəxəssislərin iştirakı ilə icra olunur:

“Böyük qürur hissi ilə deməliyik ki, “Şahdəniz” üçün tikilən yeni modullar, nəhəng platformaların dayaq blokları, bütövlükdə bütün tikinti-konstruksiya işləri məhz SOCAR-ın inşaat müəssisələrində həyata keçirilmişdir. Səngəçal terminalında “Şahdəniz-2” qazını qəbul etmək üçün BP tərəfindən aparılan genişləndirmə işləri də artıq başa çatıb. Hazırda hasilatın başlanması ilə çıxarılacaq əlavə qaz həcmlərini qəbul və emal etmək üçün yeni qurğuların istismar sınaqları davam etdirilir. SOCAR-ın Gəmiqayırma zavodunda məxsusi olaraq inşa edilmiş “Xankəndi” gəmisi ilə hasilatı dəstəkləyən sualtı texnoloji təchizat kabellərinin quraşdırılması tamamlanıb. Sualtı xətlər, quyular, platformalar, terminal, bir sözlə, bütün zəruri infrastruktur ilk dəfə olaraq bir-biri ilə dənizin dibində əlaqələndirilib”.

96 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ