“Şahdəniz-2” üçün I platformanın üst tikililəri quraşdırılıb

Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Şahdəniz 2” yatağı üçün birinci platformanın üst tikililəri quraşdırılıb.

“BP-Azerbaijan” şirkətindən OilGas.az-a verilən məlumata görə, “Şahdəniz 2” üçün inşa olunmuş Yaşayış Blokları və Texnoloji Təchizat (YBTT) platformasının üst tikililərinin STB-1 barjı üzərində dənizə yola salınmasından sonra, iyulun 2-si saat 18:00-da bu qurğu öz daimi yerinə çatıb, dünən iyulun 3-də səhər isə onun artıq çoxdan həmin yerdə quraşdırılaraq üst tikililərini gözləyən dayaq blokunun üzərinə quraşdırılması işlərinə hazırlıq başlanıb.

STB-1 barjı yavaş-yavaş dayaq blokunun dayaqları arasına hərəkət edib, saat 15:00-da üst tikililər çox dəqiqliklə və uğurla barjdan dayaq blokunun üzərinə oturdulub. Yükü boşalmış barj dayaq blokunun o biri tərəfindən çıxaraq geriyə istiqamət götürüb.

Dünən axşam isə platformanın ilk sakinləri – menecer və sazlama-montaj üçün işçi heyəti, gəmidən platformaya köçürülmüş və sazlama-montaj işlərinə hazırlıq başlanıb.

BP-nin layihələr üzrə vitse-prezidenti Yuan Drammond “Şahdəniz 2” üçün birinci platformanın üst tikililərinin quraşdırılmasının mühüm olduğunu bildirib:

“Shahdəniz-2-nin ilk platforması artıq yerindədir, üst tikililər uğurla dayaq blokunun üzərinə oturdulub. Həm də nə gözəl ki, hər şey tam təhlükəsiz başa çatdırılıb. Bu nəhəng əməliyyatın uğurlu olmasında, həmçinin layihənin bütün mərhələlərinin uğurla həyata keçirilməsində əməyi olanların hər birini təbrik edir, onlara təşəkkürümü bildirirəm”.

543 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ