“Şahdəniz 2” layihəsinin 99%-i artıq tamamlanıb

“Şahdəniz 2” layihəsinin 99%-i artıq tamamlanıb

2017-ci il “Şahdəniz 2” və Cənubi Qafqaz Boru kəmərinin genişləndirilməsi layihələri üçün çox uğurlu olub.

Layihənin operatoru “BP-Azerbaijan” şirkətindən OilGas.az-a verilən məlumata görə, hər iki layihə üzrə çox mühüm tikinti, istismar sınaqları və təhvil vermə işləri görülüb və bu işlər üçün 45 milyon təhlükəsiz adam/iş saatı sərf edilib. Hazırda bu layihələr 2018-ci ildə ilk qazın əldə edilməsi qrafikinin istirmara verilmə mərhələsinə daxil olmaqdadır.

“Şahdəniz 2” layihəsi üzrə ilk qazın əldə olunması üçün lazım olan iş həcmi mühəndis-layihə işləri, təchizat, tikinti və istismar sınaqları da daxil olmaqla, artıq 99% tamamlanıb.

Sentyabr ayının 6-da Xəzər dənizinin yeni flaqman gəmisi olan “Xankəndi” istismara verilib. Ən son texniki nailiyyətləri özündə birləşdirən bu sualtı tikinti gəmisi məxsusi olaraq “Şahdəniz 2” layihəsi çərçivəsində Xəzər dənizində ən böyük sualtı hasilat sistemini quraşdırmaq üçün layihələndirilib və inşa edilib. 378 milyon ABŞ dolları dəyərində olan bu yeni gəminin Bakıda keçirilmiş rəsmi açılışı mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib. Xankəndi gəmisi artıq dənizdə “Şahdəniz” yatağı ərazisindədir və orada sualtı quraşdırma və tikinti işlərini həyata keçirir.

2017-ci ildə “Şahdəniz 2” platformalarının hər ikisinin üst modullarının tikintisi başa çatdırılıb. Bu qurğular təhlükəsiz şəkildə yola salınıb və dənizdə quraşdırılıb, hazırda istismar sınaqları davam edir.

Səngəçal terminalında “Şahdəniz 2” üçün genişləndirmə işləri də başa çatıb. Hazırda yeni “Şahdəniz 2” qurğularının istismar sınaqları davam edir və bu il istismara verilmə planına uyğun irəliləyir ki, bu il başlanacaq “Şahdəniz 2” hasilatından olan əlavə qaz həcmlərini qəbul edib emal etməyə hazır olsun.

Şimal cinahında Xankəndi hasilatı dəstəkləyən sualtı texnoloji təchizat kabellərinin quraşdırılmasını artıq bitirib. Səngəçal terminalına aparan sualtı xətlər, quyular, sualtı infrastruktur, “Şahdəniz 2” platforması və terminal ilk dəfə olaraq artıq bir-biri ilə bağlanıb.

Ümumilikdə “Şahdəniz 2” və “Cənubi Qafqaz Boru Kəməri”nin genişləndirilməsi üzrə tikinti işlərinin ən qızğın vaxtlarında Azərbaycanda 24 000-dən çox insan bütün əsas müqavilələr üzrə işlərə cəlb olunub ki, onların da 80%-dən çoxu Azərbaycan vətəndaşları olub.

Qeyd edək ki, “Şahdənizdə” iştirak payları BP (operator – 28,8%), TPAO (19%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%) şirkətlərinə məxsusdur.

428 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ