“Şahdəniz-2” layihəsinin 95%-dən çoxu tamamlanıb

“Şahdəniz-2” layihəsinin 95%-dən çoxu tamamlanıb

Bu ilin birinci yarısında “Şahdəniz” Mərhələ 2 layihəsinin tikinti işləri uğurla davam edib.

“Şahdəniz” yatağının operatoru “BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, hazırda layihə üzrə işlər – mühəndis işləri, təchizat və tikinti işləri də daxil olmaqla – ümumilikdə 95%-dən çox tamamlanıb və bu layihədən ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğundur.

Ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində – həm dənizdə, həm də quruda, o cümlədən Səngəçal terminalı, Bakı yaxınlığındakı ATA (AMEK/Tekfen/Azfen) sahəsi, Bakı Dərin Özüllər Zavodu və boru kəməri marşrutu boyunca layihə işləri davam edir.

İyun ayında layihə daha bir mühüm hadisəni qeyd etdi – Şahdəniz Mərhələ 2 üçün tikilən platformalardan birinin üst modulları yola salındı və dənizdə quraşdırılıb. Yaşayış Blokları və Texnoloji Təchizat platformasının üst modullarının yola salınması münasibətilə təşkil olunub rəsmi mərasimdə prezident İlham Əliyev də iştirak edib. Dənizdə üst modullar artıq əvvəldən suyun 94 metr dərinliyində quraşdırılmış dayaq blokunun üzərinə oturdulmuş və uğurla bərkidilmişdir. ATA tikinti-quraşdırma sahəsində Şahdəniz 2 üçün inşa olunan platformalardan ikincisinin də üst modullarının tikintisi artıq başa çatıb və istismar sınaqları 90% tamamlanıb. Bu modulların dənizə yola salınması və quraşdırılması 2017-ci ilin üçüncü rübünə planlaşdırılır.

Sualtı tikinti işləri üçün nəzərdə tutulmuş “Xənkəndi” gəmisinin tikintisi və istismar sınaqları Bakı Gəmiqayırma Zavodunda artıq bitib və bu da Şahdəniz 2 layihəsində mühüm bir mərhələdir.

Dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalında “Şahdəniz 2”-dən əldə ediləcək əlavə qaz həcmlərini emal etmək üçün genişləndirmə işləri uğurla irəliləyir.

Ümumilikdə, “Şahdəniz 2” və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə tikinti işlərinin ən qızğın vaxtlarında Azərbaycanda 24 000-dən çox insan bütün əsas müqavilələr üzrə işlərə cəlb olunub ki, onların da 80%-dən çoxu Azərbaycan vətəndaşları idi.

OilGas.az

602 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ