Rövnəq Abdullayev: “SOCAR – Azərbaycanın qlobal brendi, İlham Əliyevin şah əsəridir”

Rövnəq Abdullayev: “SOCAR – Azərbaycanın qlobal brendi, İlham Əliyevin şah əsəridir”

“Ötən əsrin 90-cı illərinin əvvəlində yerli neft hasilatçısı kimi fəaliyyətə başlayan Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti son 15 ildə ciddi sıçrayış edərək, neft və qaz biznesinin dəyər zənciri üzrə fəaliyyət göstərən və bütün dünyada həyata keçirdiyi nəhəng layihələri ilə tanınan, bununla da milli sərvətimizə əlavə dəyər qatan transmilli şirkətə çevrilmişdir”

OilGas.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Yeni Azrbaycan Partiyasının (YAP) saytına müsahibəsində deyib. SOCAR prezidenti SOCAR-ın qlobal brendə çevrilməsini şərtləndirən amillərdən də bəhs edib:

“SOCAR-ın qlobal brendə çevrilməsinin son 15 il ərzində baş verməsi hər şeydən əvvəl Azərbaycan Respublikasının möhtərəm Prezidenti İlham Əliyev cənablarının müdrik daxili və xarici siyasəti sayəsində qazanılan uğurlarla sıx bağlı olub, ölkəmizin ümumi sosial-iqtisadi yüksəlişinin tərkib hissəsidir. Təsadüfi deyil ki, şirkətin fəaliyyətinə dair bütün strateji qərarlarda möhtərəm Prezidentimizin dəsti-xətti və imzası aydın şəkildə görünür. Son 15 ildə şirkət qarşısında yeni üfüqlər açılıb, möhtərəm Prezidentimiz də həmin tarixi imkanları düzgün qiymətləndirib.

Azərbaycanın neft-qaz sənayesinin, onun lokomotivi rolunu oynayan SOCAR-ın müstəqillik dövründə keçdiyi uğurlu inkişaf yolunu düzgün təhlil etmək üçün bu yolun hər bir mərhələsi respiblikamızın ən yeni tarixinin müvafiq siyasi-iqtisadi kontekstlərinə uyğun şəkildə nəzərdən keçirilməlidir. Müstəqilliyimizin ilk illərində şirkətin qarşısında duran əsas vəzifələr bugünkündən fərqli idi. Əsas hədəfləri keçmiş Sovet İttifaqının süqutundan sonra ölkə iqtisadiyyatının dirçəlməsi üçün neft hasilatını artırmaq və dənizin dərinsulu hissəsində yeni yataqların işlənməsi üçün xaricdən investisiya və texnologiyaları cəlb etmək olan həmin dövrün taleyüklü hadisəsi – transmilli neft şirkətləri ilə Azərbaycanın milli maraqlarına cavab verən “Əsrin müqaviləs”inin imzalanması idi. Təkcə ölkəmizin deyil, bütövlükdə regionumuzun simasını dəyişən qlobal əhəmiyyətli bu sənədin imzalanması, bütövlükdə, yeni neft strategiyasının hazırlanması və onun reallaşdırılmasına başlanması Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. İqtisadi böhran və müharibə şəraitində olan ölkəyə xarici investorları cəlb etmək nə qədər çətin olsa da, Ümummilli lider bu vəzifənin öhdəsindən məharətlə gəldi. Bununla da ölkəmizin misilsiz sosial-iqtisadi inkişafının əsasını qoyuldu. Xüsusi qeyd etmək lazımdır ki, o zaman Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olan İlham Əliyev cənabları xarici tərəfdaşlarla aparılmış gərgin danışıqlarda böyük diplomatik məharət göstərərək, “Əsrin müqaviləsi”nin imzalanmasında mühüm rol oynamışdır.

Yeni minillik və yeni əsr dünya və region ölkələri ilə yanaşı, Azərbaycanı da yeni və fərqli çağırışlarla üz-üzə qoyurdu. Möhtərəm Prezidentimiz ölkə iqtisadiyyatında apardığı dərin islahatlar çərçivəsində Azərbaycanın qalibiyyətli enerji strategiyasını zamanın aktual tələblərinə uyğun təkmilləşdirdi. Ölkənin maliyyə imkanları və beynəlxalq rəqabət qabiliyyəti yüksəldildi və Azərbaycan sərmayə cəlb edən ölkə olmaqla yanaşı, həm də xarici bazarlarasərmayə yatıran ölkəyə çevrildi. Müstəqil dövlətimizin strateji aktivi olan SOCAR bu tarixi missiyada lokomotiv rolunu öz üzərinə götürməklə, ölkə daxilində nəhəng ixracyönümlü sənaye layihələrini həyata keçirməyə, həm də xarici bazarları kəşf edərək, inamlı və qətiyyətli investor kimi perspektivli bazarlara daxil olmağa nail oldu. Şirkətin bu yeni biznes inkişafı strategiyası dövlətimizin müdrik başçısı İlham Əliyev cənablarının bizə göstərdiyi istiqamətləri və Onun gələcəyə baxışını əks etdirir.

İlham Əliyevin strateji baxışı daim dövlətin müstəqilliyi, xalqın yüksək rifahı prinsiplərinə əsaslanır. Azərbaycanı regionda güclü dövlətə, beynəlxalq müstəvidə iqtisadi və siyasi sahələrdə söz və nüfuz sahibinə çevirməkİlham Əliyev siyasətinin əsas hədəfləridir. Məhz bu istiqaməti əldə rəhbər tutaraq, Bakı-Tbilisi-Ceyhan boru kəməri istismara buraxıldıqdan sonra, iki qitə və 6 ölkəni birləşdirən, dünyada misli olmayan Cənub Qaz Dəhlizi meqa-layihəsinə start verildi. Cənub Qaz Dəhlizi beynəlxalq əhəmiyyətli vahid qaz magistralını yaradacaq, bütün tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə mühüm töhfələr verəcək. Bu layihə Azərbaycanın ixrac kəmərlərini şaxələndirərək, ölkəmizin ixrac marşrutlarının seçimi baxımından daha da müstəqilləşməsinə şərait yaradacaq və bunun nəticəsində tərəfdaşlarla aparılan bütün kommersiya danışıqlarında Azərbaycana əlavə üstünlük yaradacaqdır. Artıq bu il 4 seqmentdən ibarət bu möhtəşəm layihənin 3 seqmenti istifadəyə verilir və ölkəmiz möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında həyata keçirilən bu uzunmüddətli çalışmaların bəhrələrini görəcəkdir.

SOCAR-ın transmilli, qlobal şirkətə çevrilməsi ilk növbədə şirkətin həyata keçirdiyi nəhəng transmilli layihələrdə, o cümlədən beynəlxalq emal və kimya layihələrində, qlobal neft və qaz ticarətinin genişlənməsində öz əksini tapmışdır. Bu səbəbdən, mövzuya uyğun olaraq, mən şirkətin fəaliyyətini məhz bu perspektivdən təhlil etmək istərdim. Lakin bunu da qeyd etməliyəm ki, şirkət öz ənənəvi fəaliyyət sahələri olan – kəşfiyyat və hasilat sahələrində də son dövrdə ciddi uğurlara imza atıb. Artıq SOCAR öz imkanları ilə müasir dərin dəniz özüllərini inşa edir, quraşdırır, istismar edir, böyük dərinlikdə qazma işlərini yerinə yetirir, yeni yataqları kəşf edir. Məhz kəşfiyyat və hasilat sahələrində əldə edilən uğur SOCAR-ın beynəlxalq investisiyaları, qlobal əməliyyatlarının genişlənməsi üçün şərait yaratmışdır.

Bu gün SOCAR dünyanın müxtəlif ölkələrində neft və qaz məhsullarının nəqli üçün zəruri olan magistral boru kəmərləri, gəmilər, liman terminalları kimi nəqliyyat vasitələrinə malikdir. Müasir qlobal infrastrukturun qurulması şirkətin dünya brendinə çevrilməsinin əsas şərtlərindən biri olub.

Eyni zamanda, səmərəli bir transmilli şirkət olmaq üçün SOCAR qlobal infrastrukturla yanaşı, həm də özünün sovetlər dövründən qalan inzibati idarəetmə üsullarından imtina etməli, struktur dəyişiklikləri aparmalı, kadr potensialını yeniləməli, maksimum səmərə ilə işləmək üçün bazar iqtisadiyyatının tələblərinə uyğunlaşmalı, bir sözlə, müasirləşməli idi. Bu vəzifələrin öhdəsindən gəlmək üçün dünyanın qabaqcıl məsləhətçi şirkətlərinin iştirakı ilə geniş miqyaslı araşdırma və təhlillər aparıldı və səmərələşdirici tədbirlər görülməyə başladı”.

261 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ