Rövnəq Abdullayev: “Azərbaycanın əsas məqsədi neftin ucuz satışına yol verməməkdir”

Rövnəq Abdullayev: “Azərbaycanın əsas məqsədi neftin ucuz satışına yol verməməkdir”

“Azərbaycan Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə üzv olmayan ölkələr arasında neft hasilatının azaldılmasına dair Vyana sazişi üzrə öz üzərinə götürdüyü öhdəliyə əməl olunmasını davam etdirmək niyyətindədir”.

AZƏRTAC İtaliyanın “Agenzia Nova” xəbər saytına istinadla xəbər verir ki, bu sözləri SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

“Biz əvvəlki tək öz öhdəliklərimizi yerinə yetirməyə sadiqiq. Bizim neft hasilatımız bir qədər azalıb, lakin neftin qiymətlərinin artması sayəsində neft satışından əldə edilən gəlirlər artıb”, – deyə SOCAR-ın prezidenti bildirib.

“Azərbaycanın əsas məqsədi neftin ucuz satışına yol verməməkdir. Beləliklə, Azərbaycanda neft hasilatının bir qədər azalmasına baxmayaraq, gəlirlər artıb, bu da bir daha bizim doğru yolda olduğumuzu göstərir”, – deyə R.Abdullayev əlavə edib.

Qeyd edək ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Neft hasilatının azaldılması üzrə sazişə müvafiq olaraq Azərbaycan iyulda hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Ölkə üzrə gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barrel, fevralda 776,4 min barrel, martda 733,3 min barrel, apreldə 781,1 min barrel, mayda 785,3 min barrel, iyunda isə 793,7 min barrel olub. Mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.

OilGas.az

230 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ