Qlobal neft təklifi artıb – Gündəlik 260 min barrel

Qlobal neft təklifi artıb – Gündəlik 260 min barrel

Qlobal neft təklifi fevralda yanvar ayı ilə müqayisədə gündəlik 260 min barrel artaraq 96 milyon 520 min barrelə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyi (IEA) məlumat yayıb. Bildirilir ki, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) xam neft hasilatı fevralda gündəlik 32 milyon barrel olub. Keçən ilin eyni ayına görə OPEC-in hasilatı gündəlik 320 min barrel azalıb.

OPEC-in xam neftdən başqa digər istehsalı isə gündəlik 6 milyon 740 min barrel olub. Beləliklə də, OPEC-in neft ekvivalentində ümumi hasilatı 38 milyon 740 min barrel təşkil edib. OPEC üzvü olan Səudiyyə Ərəbistanı və İranda neft hasilatı artıb, Birləşmiş Ərəb Əmirliklərində isə azalıb.

Keçən ay OPEC-in ən böyük istehsalçısı Səudiyyə Ərəbistanının gündəlik hasilatı 180 min barrel artaraq 9 milyon 980 min barrelə çatıb. Kartelin ən böyük ikinci istehsalçısı isə gündəlik 4 milyon 400 min barrel neft hasilatı ilə İraq olub. Birləşmiş Ərəb Əmirliklərində gündəlik hasilat 60 min barrel azalaraq 2 milyon 900 min barrelə düşüb.

Fevralda qeyri-OPEC ölkələrinin neft hasilatı isə sutkada 90 min barrel artaraq 57 milyon 800 min barrelə çatıb.

IEA-nın proqnozlarına görə, bu il qeyri-OPEC ölkələrinin neft təklifi ötən illə müqayisədə gündəlik orta hesabla 400 min barrel artaraq 58 milyon 100 min barrel olacaq.

Hesabata görə, bu il qlobal neft tələbatı gündəlik 1 milyon 400 min barrel artaraq 98 milyon barrelə yüksələcək. İllik tələbat 33 milyon 900 min barrel ilə ən çox Asiya və Sakit Okean ölkələrində, 31 milyon 400 min barrel ilə Amerika qitəsində və 14 milyon 800 min barrel ilə Avropada olacaq.

OilGas.az

176 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ