Prezident: ““Şahdəniz” qaz yatağı “Cənub Qaz Dəhlizi”nin əsas resurs bazasıdır”

Prezident: ““Şahdəniz” qaz yatağı “Cənub Qaz Dəhlizi”nin əsas resurs bazasıdır”

“24 il bundan əvvəl imzalanmış “Əsrin müqaviləsi”nin müddəti keçən il 2050-ci ilə qədər uzadıldı. Yəni bu, özlüyündə onu göstərir ki, bu yataqda nə qədər böyük neft ehtiyatları var.”

OilGas.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsinin açılış mərasimində çıxışında deyib.

Dövlət başçısı qeyd edib ki, bu gün “Əsrin müqaviləsi”nin icrası çox uğurla gedir: “Əsrin müqaviləsi” Azərbaycana nəfəs verdi, ölkəmizin canlanmasına xidmət göstərdi. İlk dəfə olaraq Xəzər dənizi xarici şirkətlər üçün açıldı, biz o xarici şirkətləri dəvət etdik. Bu gün “Əsrin müqaviləsi”nin icrası çox uğurla gedir və bu müqavilənin imzalanmasından sonra Azərbaycanın yeni neft strategiyası icra olunmağa başlayıb.

Mən o tarixi günləri yaxşı xatırlayıram, çünki o vaxt Dövlət Neft Şirkətinin vitse-prezidenti kimi bu işlərlə bilavasitə məşğul idim. O vaxt Azərbaycanın neft strategiyası müəyyən olundu və bu gün biz bu strategiyanın, görülən işlərin bəhrəsini görürük. 1994-cü ildən sonra ikinci böyük müqavilə “Şahdəniz” qaz yatağı üzrə imzalanmışdır. Onu da qeyd etməliyəm ki, bu müqavilə 1996-cı il iyunun əvvəlində məhz Xəzər Neft-Qaz Sərgisinin keçirildiyi gündə imzalanmışdır və beləliklə, Azərbaycan dünyaya özünü nəinki neft ölkəsi, qaz ölkəsi kimi də təqdim etdi. Onu da yaxşı xatırlayıram ki, o vaxt dünyada enerji təhlükəsizliyi məsələlərində qaz amili o qədər də ciddi rol oynamırdı. Hətta qaz yataqlarının işlənməsi o qədər də böyük maraq doğurmurdu. Çünki mənfəət neft yataqları ilə müqayisədə daha aşağı idi. Ona görə bu layihəyə investorları cəlb etmək o qədər də asan məsələ deyildi. Ancaq bu gün bu tarixi gündə “Cənub Qaz Dəhlizi”nin açılışını qeyd edərkən biz görürük ki, bu, nə qədər vaxtında atılmış və müdrik addımdır. “Şahdəniz” qaz yatağı “Cənub Qaz Dəhlizi”nin əsas resurs bazasıdır. 1997-ci ildə isə “Əsrin müqaviləsi”nin icrası nəticəsində Çıraq platformasından ilk neft çıxarılmışdır. Bu tarixi videokadrlar artıq göstərilir. Doğrudan da tarixi bir gün idi. İlk dəfə olaraq xarici şirkətlər tərəfindən Xəzərdə yeni yataqdan neft hasil edilmişdir”.

86 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ