Polipropilen məhsulu istehsal olundu – İLK DƏFƏ

Polipropilen məhsulu istehsal olundu – İLK DƏFƏ

Ötən gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və şirkətin vitse-prezidentlərinin iştirakı ilə “SOCAR Polymer” zavodunda nümayiş və sınaq məqsədi ilə ilk dəfə polipropilen məhsulunun istehsalı həyata keçirilib.

OilGas.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

“SOCAR Polymer” müəssisəsi polipropilen və yüksəksıxlıqlı polietilen istehsal edən iki zavoddan ibarətdir. Bu zavodların istismara verilməsi bu ilin II və IV rüblərində planlaşdırılır. Zavodların işçi heyəti artıq tam formalaşıb, müvafiq təlimlərdən keçərək yüksək peşəkarlıq səviyyəsinə çatdırılıb. Sənaye səmərəliliyinin artırılması məqsədi ilə “SOCAR Polymer” zavodlarının rəqəmsallaşması “SAP” (Sistem Analizi və Proqramlaşdırma) modullarının vasitəsilə təmin olunacaq.

Zavodun ekstruziya zonasında quraşdırılmış avadanlığın baxışı zamanı polipropilen qranullarının kəsilməsi prosesinə start verilib və ilk dəfə sınaq məqsədi ilə yekun polipropilen məhsulu istehsal olunub.

SOCAR-ın prezidenti R.Abdullayev bildirib ki, Sumqayıtda kimya sənayesinin dirçəlişi Azərbaycan üçün yeni və dayanıqlı gəlir mənbəyi deməkdir: “Bu il emal və kimya sənayesində SOCAR-ın 3 böyük layihəsi tamamlanmaq üzrədir. “SOCAR Karbamid”, “SOCAR Polymer”, Türkiyədə STAR Neft Emalı Zavodunun bu il ərzində istismara verilməsi ilə milli sərvətimizə əlavə dəyər qatan böyük missiyanın növbəti mərhələsinə qədəm qoyulacaq”.

376 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ