Pirverdiyevlə bağlı PA-dan açıqlama – Nöqsanlar aşkar edilib

Pirverdiyevlə bağlı PA-dan açıqlama – Nöqsanlar aşkar edilib

2018-ci il iyulun 3-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinin yarımstansiyalarından birində cərəyan transformatorunda qəza baş vermişdi. Qəza nəticəsində Azərbaycanın enerji sistemində ciddi problemlər yaşanmış, Bakı və Gəncə şəhərləri də daxil olmaqla respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranmışdı.

OilGas.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasından Azərtac-a daxil olan xəbərə görə, baş vermiş qəzanın səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə elə həmin gün Azərbaycan Prezidenti tərəfindən Azərbaycan Respublikası Baş nazirinin birinci müavininin rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb. Prezident tərəfindən Dövlət Komissiyasına təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədilə hadisənin baş vermə səbəblərini araşdıraraq obyektiv rəy hazırlanması və gələcəkdə belə halların təkrarlanmaması üçün təkliflərin verilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülməsinə dair çox ciddi tapşırıqlar verilmişdi.

Ötən müddət ərzində Dövlət Komissiyası tərəfindən yerli və xarici ekspertlər, aidiyyəti dövlət orqanlarının və qurumlarının nümayəndələri də cəlb edilməklə qəzanın baş vermə səbəbləri ciddi araşdırılıb, mövcud çatışmazlıqlar və problemlər, habelə qəzanı doğuran hallar da əks olunmaqla, hərtərəfli və geniş rəy hazırlanaraq Azərbaycan Prezidentinə təqdim edilib.

Hazırlanmış rəydə baş vermiş qəzanın əsas səbəblərindən biri kimi “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin qəzaya lazımi səviyyədə hazır olmaması, fəaliyyətində mövcud olan texniki və bir sıra digər çatışmazlıqlar üzündən qəzaya adekvat reaksiya verə bilməməsi, habelə nəticədə ölkənin enerji sistemində qəzaya gətirib çıxaran bir sıra digər nöqsanlara yol verdiyi qeyd olunub.

Prezident Dövlət Komissiyasının yekun rəyi ilə tanış olub və işdə yol verdiyi nöqsanlara görə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevi tutduğu vəzifədən azad edib.

318 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ