Pirallahıda SOCAR-ın yığım nəqli sahəsi istismara verilib

Bu gün Pirallahı qəsəbəsində “Azneft” İstehalat Birliyinin “Abşeronneft” Nefqazçıxarma İdarəsinə məxsus yeni yığım nəqli sahəsi istismara verilib.

OilGas.az xəbər verir ki, tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri iştirak edib. R.Abdullayev obyektin açılışını bildirən rəmzi lenti kəsdikdən sonra inzibati binaya baxış keçirib, binanın qarşısında ağac əkib.

Daha sonra SOCAR prezidenti və onu müşayiət edən şəxslər yığım nəqli sahəsindəki çənlər parkına baxış keçirib, onun iş rejimi və ərazisi ilə tanış olublar.

“Abşeronneft” NQÇİ-nin rəisi Şahmar Hüseynov bildirib ki, SOCAR-ın “Neftqaztikinti” Tresti tərəfindən 2013-cü ildən tikintisinə başlanan yığım nəqli sahəsinin ərazisi 6,4 hekardır. O qeyd edib ki, yeni çənlər parkında 2 mərtəbəli inzibati bina, 24 ədəd müxtəlif tutumlu çənlər, keçid məntəqəsi, operator və alətlər otağı, yanğın əleyhinə nasosxana binası, neft və lay suları üçün nasosxanalar, yeraltı drenaj bloku, 4 ədəd qaz-su-qum separatoru, hava hazırlayıcı blok, 2 ədəd soba, 6/0,4 kV-luq elektrik yarımstansiyası fəaliyyətə başlayıb.

Çənlərdən 3 ədədi 3 000, 6 ədədi 2 000, 4 ədədi 1 000, 5 ədədi 700, 4 ədədi 400, 2 ədədi 100 kubmetr maye tutumuna malikdir. Nasosxanada 6 ədəd neft nasosu, lay suları üçün nasosxanada 4 ədəd nasos quraşdırılıb. Yeni parkda əl əməyinin yüngülləşdirilməsi məqsədi ilə iş prosesi demək olar ki, tam avtomatlaşdırılıb. Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları yüksək tələblər səviyyəsinə çatdırılıb, əməkçilərin sosial məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə optimal iş şəraiti yaradılıb. Yığım nəqli sahəsi və onun ətrafında yaşıllıq zonası salınıb, 6 mindən çox gül-çiçək və ağac əkilib.

SOCAR prezidenti yeni yığım nəqli sahəsinin istismara buraxılmasının neft hasilatının artırılmasında mühüm rol oynayacağına əminliyini ifadə edib, qarşıda duran vəzifələrdən danışıb, konkret tapşırıqlar verib.

OilGas.az

384 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ