““Petkim”in xalis mənfəəti 9,2 dəfə artıb”

““Petkim”in xalis mənfəəti 9,2 dəfə artıb”

“2008-ci ildə dünyada baş vermiş qlobal böhrandan nəticə çıxararaq, belə qənaətə gəldik ki, sərmayə qoyuluşlarının şaxələndirilməsi, investisiyaların müxtəlif sahələrə yatırılması şirkətin bir məhsul növündən olan asılılığını azaldacaq, qlobal bazarlarda baş verən qiymət dəyişkənliyi riskini aşağı salacaqdır”

OilGas.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Yeni Azrbaycan Partiyasının (YAP) saytına müsahibəsində deyib. SOCAR prezidenti SOCAR-ın həyata keçirdiyi davamlı inkişaf strategiyasından bəhs edib:

“Yeni idarəetmə üsullarının tətbiqi çərçivəsində əməliyyatlarımızın dayanıqlığını təmin etmək üçün uzunmüddətli planlama, davamlı inkişaf strategiyası tərtib edilmiş və icrasına start verilmişdir. 2008-ci ildə dünyada baş vermiş qlobal böhrandan nəticə çıxararaq, belə qənaətə gəldik ki, sərmayə qoyuluşlarının şaxələndirilməsi, investisiyaların müxtəlif sahələrə yatırılması şirkətin bir məhsul növündən olan asılılığını azaldacaq, qlobal bazarlarda baş verən qiymət dəyişkənliyi riskini aşağı salacaqdır. Həmçinin yeni əməliyyat sahələrinin SOCAR-ın mövcud fəaliyyətləri ilə inteqrasiya edilməsi xammal xərclərinə qənaət olunmasına, nəticədə daha yüksək ümumi gəlirin əldə edilməsinə imkan verir. Apardığımız araşdırmalar bunu göstərirdi ki, emal və kimya sənayesinin artım tempi gələcəkdə yanacaq məhsullarına tələbatın artımından daha yüksək ola bilər. Müvafiq olaraq, neft və qaz müxtəlif zəruri plastik, rezin və məişət əşyalarının xammal mənbəyi kimi daha yüksək mənfəət vəd edir. Beləliklə, 2008-ci ildən etibarən SOCAR neft və qaz emalı, eləcə də kimya sənayesinə sərmayələr yatırmağa başladı.

Bu istiqamətdə atılmış ilk addımlar “Azərkimya” İB-nin modernizasiyası və Türkiyədə ənənəvi kimya kompleksi “Petkim”in əsas səhm payının alınması oldu. Məlumdur ki, qardaş Türkiyə kimya məhsulları üzrə dünyada ən böyük bazar potensialına malik olan ölkələr sırasındadır. Digər tərəfdən, xam neftin qiymətinin kəskin düşdüyü son illərdə neft-kimya məhsullarının qiymətlərində daha yüksək sabitlik müşahidə olundu ki, bu da verilən qərarın düzgünlüyünü bir daha sübut etdi. SOCAR-ın idarəçiliyinə keçdikdən sonra “Petkim”in xalis mənfəəti 9,2 dəfə, səhmlərinin qiyməti isə 2008-ci ildən etibarən təqribən 8,7 dəfə artmışdır”.

115 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ