“Petkim”də inşa edilən külək elektrik stansiyası fəaliyyətə başlayıb

“Petkim”də inşa edilən külək elektrik stansiyası fəaliyyətə başlayıb

“Petkim” neft-kimya holdinqinin İzmirin Əliağa rayonunda inşa etdiyi külək elektrik stansiyasının 42 meqavatlıq hissəsi tamamlanıb.

Oilgas.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Petkim PetroKimya Holding A.Ş.”nin Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu (KAP) yer alan məlumatında bildirilir.

Qeyd edilir ki, 51 meqavatlıq külək elektrik stansiyasının təxminən 42 meqavatlıq hissəsi tamamlanıb, qalan 9 meqavatlıq hissə üzrə isə işlər davam etdirilir. Artıq külək elektrik stansiyasının mövcud 25 meqavatlıq hissəsi fəaliyyətə başlayıb. 51 meqavatlıq hissəsinin fəaliyyətə başlaması üzrə icazə üçün Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatına (EPDK) müraciət göndəriləcək.

Layihə dəyəri təxminən 55 milyon avro olan və “Petkim” yarımadasında inşa edilən külək elektrik stansiyasının istifadəyə verildikdən sonra “Petkim”in elektrik enerjisinə olan tələbatının ödənilməsində mühüm rol oynaması gözlənilir.

Xatırladaq ki, SOCAR “Petkim”i 2008-ci ildə 2,5 milyard dollara alıb. SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) adı ilə davam etdirir. STEAŞ “Petkim”də təxminən 52,32 faizlik səhmə sahibdir.

Oilgas.az

618 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ