Pərviz Şahbazov: “TAPI bütün regionun rifahına xidmət edəcək”

Pərviz Şahbazov: “TAPI bütün regionun rifahına xidmət edəcək”

OilGas.az xəbər verir ki, bu sözləri Azərbaycanın energetika naziri Pərviz Şahbazov AZƏRTAC-ın sullarını cavablandırarkən deyib.

TAPI (Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan) qaz kəməri layihəsinin iştirakçı ölkələr və ümumən region üçün əhəmiyyətindən bəhs edən nazir qeyd edib ki, diversifikasiya həm istehsalçı ölkələr, həm istehlakçı ölkələr üçün çox önəmlidir:

“Bu gün dörd dövlət – Türkmənistan, Əfqanıstan, Pakistan və Hindistan birlikdə bu böyük regional layihəni həyata keçirirlər. Sözsüz ki, bu, həmin dövlətlərin xeyrinə olacaq: iqtisadiyyatın inkişafına xidmət edəcək, insanların sosial vəziyyətinə müsbət təsir göstərəcək. Yəni, layihədən ilk növbədə həmin dörd dövlət bəhrələnəcək. Fikrimcə, bu, eyni zamanda, təkcə həmin dövlətlərə yox, bütün regionun rifahına xidmət edə biləcək bir layihədir. Burada bir neçə qonşu dövlətin nümayəndələri ilə söhbət etdim. Gələcəkdə bu layihəyə bir sıra başqa ölkələrin də qoşulması nəzərdə tutulur”.

Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşulması ehtimalını da dəyərləndirən nazir bildirib ki, bu barədə danışıqlar artıq uzun müddətdir gedir və bununla bağlı xüsusi formatlar var:

“Bu formatdan biri də Avropa İttifaqının Türkiyə, Azərbaycan və Türkmənistanla birgə apardığı bir sıra danışıqlardır. Bilirsiniz ki, Cənub Qaz Dəhlizinin tikintisi uğurla davam edir, hətta qrafiki qabaqlayır. Artıq layihə yekun fazasına daxil olur. Son zamanlar Türkmənistanın da bu layihəyə marağı artıb. Bir müddət əvvəl Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısında Türkmənistan Prezidentinin müşaviri Yaxşıgəldi Kakayevin iştirakını bu marağın göstəricisi saymaq olar. Onun tədbirdəki çıxışında da layihəyə maraq əyani şəkildə göründü. Bu, çox müsbət haldır. Həm Azərbaycan, həm Türkmənistan qonşu dövlətlər olaraq enerji sahəsində bir sıra fəaliyyət həyata keçirən dövlətlərdir.

Hazırda biz Türkmənistanla uğurlu əməkdaşlıq edirik. Məsələn, türkmən nefti Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri ilə Avropaya nəql olunur. Bir sıra maraqlı layihələrimiz də var. Düşünürəm ki, Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşulması imkanları kifayət qədər realdır”.

85 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ