Ötən il SOCAR-ın ümumi gəliri 78% artıb – 93 milyard manat

Ötən il SOCAR-ın ümumi gəliri 78% artıb – 93 milyard manat

Audit olunmuş maliyyə hesabatlarına əsasən, 2017-ci ildə SOCAR ümumi gəlirlərini 78 faiz artıraraq, 92,6 milyard manata çatdırıb.

OilGas.az SOCAR-a istinadən xəbər verir ki, şirkətin xalis mənfəəti 2016-cı illə müqayisədə 6 dəfəyə yaxın artaraq, 2,09 milyard manata yüksəlib. SOCAR ümumi aktivlərini 16 faiz yüksəldərək, 61,3 milyard AZN-ə çatdırıb.

Ümumilikdə hesabat ilində şirkətin maliyyə nəticələri neft sənayesi böhranından əvvəlki səviyyəni üstələyib. 2017-ci ildə SOCAR-ın daha yüksək maliyyə nəticələrinə nail olması əsasən aşağıdakı amillərlə bağlıdır:

• 2017-ci ildə SOCAR üçüncü tərəflərdən alınıb satılan neft və neft məhsullarının həcmini 3 dəfəyə qədər artırıb, nəticədə şirkətin ümumi ticarət dövriyyəsi 2 dəfədən çox yüksəlib;

• neft-kimya məhsullarından daha yüksək gəlir əldə edilib;

• dünya bazarlarında xam neftin qiyməti əvvəlki ilə nisbətən 25-30 faiz civarında yüksəlib;

• SOCAR Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yataqlar blokunun əməliyyatçısı olan ABƏŞ-də öz payını artırıb.

Digər tərəfdən SOCAR-ın AÇG-dəki payının artması, “SOCAR Georgia Energy” şirkətindəki payının 75,5 faizə yüksəlməsi, eləcə də neft qiymətlərinin artması fonunda xammal və investisiya xərclərinin artması kimi faktorlar, təbii olaraq, şirkətin ümumi xərc və öhdəliklərinin artmasına səbəb olsa da, şirkətin ümumi aktivlərinin artımı ümumi öhdəliklərin artım tempindən yüksək olub. Belə ki, SOCAR-ın ümumi aktivləri və ümumi öhdəlikləri arasındakı müsbət fərq təqribən 22 milyard AZN təşkil edib.

180 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ