Ötən il Mərkəzi Bank 1 mlrd. manatdan çox vəsait cəlb edib

Ötən il Mərkəzi Bank 1 mlrd. manatdan çox vəsait cəlb edib

“İl ərzində bank sistemində izafi likvidliyin akkumulyasiyası şəraitində Mərkəzi Bankın sterilizasiya alətlərinə daha böyük tələbat olub”.

OilGas.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2017-ci il üzrə pul siyasəti icmalında qeyd olunub.

Hesabat ilində Mərkəzi Bank milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə 61 depozit hərracı, notların yerləşdirilməsi üzrə 49 hərrac keçirib. Depozit əməliyyatları üzrə vəsaitlər 14 gün müddətinə cəlb edilib, notlar isə 28 gün müddətinə yerləşdirilib. 2017-ci ilin sonuna depozit hərracları və notların yerləşdirilməsi vasitəsilə cəlb edilən vəsaitin cəmi qalığı 1,9 mlrd. manat olub ki, bu da 2016-cı ilin sonu ilə müqayisədə 10,2 dəfə çoxdur.

Bundan depozit əməliyyatları ilə cəlb edilmiş vəsaitlər 1 mlrd. 13 mln. manat, notların yerləşdirilməsi nəticəsində cəlb edilən vəsaitlər isə 926 mln. manat təşkil edib.

Depozit və qısamüddətli notların yerləşdirilməsi üzrə əməliyyatlar izafi pul təklifinin sterilizasiyası ilə yanaşı, pul bazarının inkişafı və bununla da, pul siyasəti üzrə əməliyyat çərçivəsinin təkmilləşdirilməsinə, banklararası bazarın inkişaf etdirilməsinə də müsbət təsir göstərib.

İcmalda qeyd olunub ki, açıq bazar əməliyyatları olaraq depozit əməliyyatları və notların yerləşdirilməsi faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi (hazırda 10%- 15%) arasında tərəddüd edən faiz dərəcələri ilə aparılır. İl ərzində depozit əməliyyatları ilə vəsaitlər 10%-14,87%-lə cəlb edilib, notlar isə 10,01%-14,99%-lə yerləşdirilib.

Dövr ərzində məcburi ehtiyat norması dəyişməz saxlanılıb.

Hesabat dövründə banklar tərəfindən milli valyutada cəlb edilmiş öhdəliklər, həmçinin qiymətli metallarda cəlb edilmiş öhdəliklər üzrə məcburi ehtiyat norması 0,5%, xarici valyutada cəlb edilmiş öhdəliklər üzrə 1%, qeyri-rezident maliyyə sektoru qarşısında öhdəliklər və beynəlxalq maliyyə institutları ilə hesablaşmalar üzrə 0% olub.

Dövr ərzində məcburi ehtiyat normalarının ortalama mexanizmi əsasında tətbiqi davam edib ki, bu da banklara likvidliyin daha çevik idarə edilməsinə müsbət təsir göstərən amil olub.

Pul təklifinin effektiv tənzimlənməsi və bununla da qiymət sabitliyinin dəstəklənməsi məqsədilə manatla və qiymətli metallarla olan öhdəliklər üzrə məcburi ehtiyatların manatla, xarici valyuta ilə öhdəliklər üzrə məcburi ehtiyatların xarici valyutada müxbir hesablarda saxlanılması barəsində “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda edilmiş dəyişiklik 2017-ci il 1 avqust tarixindən qüvvəyə minmiş və banklar 15 avqustdan etibarən məcburi ehtiyatlarını qaydadakı qeyd olunan dəyişikliyə uyğun saxlamağa başlayıb.

Aparılmış monitorinqlərin nəticələrinə əsasən hesabat dövrü üzrə bütün aylarda bankların Mərkəzi Bankdakı müxbir hesablarının toplam qalıqları dövr üçün məcburi ehtiyat kimi saxlanmalı olan cəmi vəsaitlərin həcmini əhəmiyyətli üstələyib.

112 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ