OPEC neftin bahalaşmasını istəmir? – Kartelin pərdəarxası maraqları

OPEC neftin bahalaşmasını istəmir? – Kartelin pərdəarxası maraqları

“OPEC hazırda neftin qiymətinin çox da bahalı olmasında maraqlı deyil”.

Bunu OilGas.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib. Onun sözlərinə görə, neftin qiymətinin əhəmiyyətli səviyyədə bahalaşması ABŞ-da neft hasilatı həcmini sürətlə artırır:

“ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) təhqiqatları onu göstərir ki, ABŞ-da neft hasilatının həcmilə neftin qiyməti arasında ciddi korrelyasiya var. Çünki burada neft sahəsi dövlət deyil özəl sektorun nəzarətindədir. Belə bir şəraitdə qiymətlərin azalması bu istiqamətdə investisiya qoyuluşlarını azaldır. Həmçinin fəaliyyət göstərən quyuların sayının azalmasına gətirib çıxarır. Bu müəssisələr orta və uzunmüddətli dövrdə zərərlə işləməyə və ya daha az gəlir götürməkdə maraqlı olmur.

Azərbaycanda neft sektoru dövlətin nəzarətində olan bir sahədir. Burada bazar konyukturasından asılı olaraq neft hasilatının artırılması və ya azaldılması məsələləri o qədər də gündəmdə deyil. Amma ABŞ-da bu hər həftə, hər gün proseslərə öz təsirini göstərə bilən bir faktordur. Bu baxımdan da, neftin daha çox bahalaşması növbəti illərdə və aylarda dünya bazarlarına təklif olunan ABŞ neftinin həcminin artmasına səbəb olacaq. Bu isə bazarlarda qiymət azalmasını şərtləndirən faktordur. Eyni zamanda ABŞ-da neft hasilatının artması OPEC-in ənənəvi neft bazarlarının müəyyən bir qisminin itirilməsinə gətirib çıxarır. Sonradan bu bazarların bərpa edilməsi ciddi problemlər yaradır. Odur ki, OPEC-də hasilatın həcmini daha da artırmaqda maraqlı deyil”.

Aydan Axundova

OilGas.az

114 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ