OPEC görüşü – 5 mümkün ssenari

OPEC görüşü – 5 mümkün ssenari

OPEC üzv ölkələrinin səbirszliklə gözlənilən görüşü bu həftə baş tutacaq. Lakin əvvəlki görüşlərdən fərqli olaraq bu tədbir ətrafında böyük səs-küy yoxdur.

Ötən həftə Səudiyyə Ərəbistanı və Rusiya neft hasilatının azaldılması barədə sazişin müddətinin daha 9 ay uzadılması, hasilatın OPEC ölkələrində gündəlik 1,2 milyon barel, kartelə daxil olmayan ölkələrdə gündəlik 558 min barel azaldılması qərarını dəstəklədiklərini açıqlayıblar.

İki nəhəng oyunçu razılığını ifadə etdiyinə görə, görüşün tez və sadə keçəcəyi gözlənilir.

Lakin OPEC-in daha öncəki görüşlərinə nəzər salsaq asanlıqla demək olar ki, heç bir ehtimal kiçildilməməli və ya dəqiq olacaq hadisə kimi nəzərdən keçirilməməlidir.

Kartel yorulmadan bazarı təəccübləndirməkdə davam edir. Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih OPEC görüşünün ekspert və analitiklərin proqnozlarından daha ciddi nəticələrə malik ola biləcəyinə eyham vurub: “Danışdığım hər kəs bu istiqamətdə bizə dəstəyini ifadə edib. Lakin şübhəsiz ki, bu, prosesdə meydana çıxa biləcək hər hansı kreativ təklifləri istisna etmir”.

Odur ki, sazişin müddətinin uzadılması məsələsi artıq qəbul olunmuş qərar hesab olunsa da, hər zaman gözlənilməz qərarların qəbul olunması ehtimalı qüvvədə qalır. Belə qərarlar isə, şübhəsiz ki, neft qiymətlərinin bundan sonrakı dəyişikliklərinə birbaşa təsir edəcək.

OPEC görüşünə dair gözlənilən ehtimallar:

1. Neft hasilatının azaldılması barədə sazişin müddətinin uzadılmasından imtina. Bu qərar neft qiymətləri üçün ən faciəlisi ola bilər. Belə ki, bu halda saziş iştirakçıları hasilatı azaltmaqdan imtina edərək bazarda daha geniş paya malik olmaq üçün mübarizəyə başlayacaqlar. Bazarda ehtiyatların həddindən artıq çoxalması isə Brent və WTI markalarının 40 dollara və ya hətta daha aşağı qiymətə qədər ucuzlaşmasına səbəb ola bilər. Lakin bu ehtimal o qədər də inandırıcı görünmür.

2. Müddəti 6 aya qədər uzatmaq. Əslində, bu, uzun müddət ən çox ehtimal olunan ssenari idi. Bu müddət ərzində neft ehtiyatlarının son 5 illik orta səviyyəyə qədər azaldılması  yəqin ki, mümkün olmayacaq. Ümidləri yüksək olan bazarı bu qərar yalnız məyus edə  bilər. Odur ki, neft qiymətlərində ucuzlaşma müşahidə olunar.

3. Müddəti 9 aya qədər uzatmaq. Bu halda saziş 2018-ci ilin birinci rübünün sonuna qədər uzadılacaq. Məhz bu qərar daha çox gözlənilən ehtimaldır.

4. Müddətin 9 aya qədər uzadılması və sazişə digər ölkələrin də qoşulması. Belə bir ehtimala Xalid əl-Falih də işarə edib. Sazişə daha çox ölkənin qoşulması bazara psixoloji təsir göstərə bilər. Bu variant yəqin ki neft qiymətlərində az da olsa artıma gətirib çıxara bilər.

5. Sazişin 9 ay müddətinə uzadılması və hasilatın daha böyük həcmdə azaldılması. Bəzi analitiklər bu ehtimala xüsusi diqqət ayıraraq məhz belə ssenarini gözlədiklərini açıqlayırlar. Hasilatın daha çox azaldılması neft qiymətərinin əsaslı şəkildə qalxmasına səbəb ola bilər.

OilGas.az

391 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ