Norveç şirkəti gələn ilin əvvəlində “Abşeron” yatağında işə başlayacaq

Norveç şirkəti gələn ilin əvvəlində “Abşeron” yatağında işə başlayacaq

Norveçin sualtı qazma məhlullarının idarə olunması üzrə ixtisaslaşan “IKM Cleandrill” şirkəti 2018-ci ilin əvvəlində “Abşeron” qaz-kondensat yatağının işlənməsi layihəsi çərçivəsində Xəzər dənizində ilk əməliyyatına başlamağı planlaşdırır.

OilGas.az “Report”a istinadən xəbər verir ki, məhlulların dövriyyə sistemi xidmətləri üçün “Abşeron” layihəsinin Birgə Əməliyyat Şirkəti (JOCAP- 50% SOCAR, 50% “Total”) adından “Total E&P Absheron BV” ilə müqavilə imzalanıb.

Şirkətdən qeyd olunub ki, müqavilə “MRR500” məhlul ayırma sisteminin yeni yarımdalma qazma qurğusuna quraşdırılması və “Abşeron” layihəsinin qazma işləri çərçivəsində sualtı qazma məhlulu nasos xidmətlərinin təmin edilməsini əhatə edəcək.

Layihə suyun dərinliyi, qazma məhlulu çəkisinin ağırlığı və potensial sərt ətraf mühit şərtlərinə görə texniki çağırışlar tələb etdiyindən tələbi qarşılamaq üçün standart “MRR500” sisteminin gücü artırılır.

Yeni “MRR500 XL” sistemi “Abşeron” layihəsini ən son nəsil yüksək güclü məhlul ayırma texnologiyası ilə təmin edəcək.

Xatırladaq ki, “Abşeron” qaz-kondensat yatağı Xəzər dənizində, “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqlar blokundan cənub-qərbdə, dənizin 500 metr dərinliyində yerləşir. SOCAR-ın qiymətləndirmələrinə görə, yatağın potensial ehtiyatları 350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat təşkil edir. “Abşeron” layihəsində “Total” (operator – 40%), SOCAR (40%) və “Engie” (20%) iştirak edir.

“Abşeron” yatağından ilk qazın 2019-cu ildə alınması planlaşdırılır. Bu ilin sentyabr ayında Heydər Əliyev adına üzən qazma qurğusunun “Abşeron”da ilk quyunu qazmağa başlaması gözlənilir. “Abşeron” yatağının I fazasından 1,5 mlrd. kubmetr qaz, 2022-2023-cü illərdə isə II fazadan 5 mlrd. kubmetr qaz hasilatı nəzərdə tutulur.

OilGas.az

399 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ