Neftin taleyini müəyyənləşdirənlər: Məşhur Beşlik və ya yeni dövrün XƏMSƏsi

Neftin taleyini müəyyənləşdirənlər: Məşhur Beşlik və ya yeni dövrün XƏMSƏsi

2018-ci ildə Səudiyyə Ərəbistanı və Rusiya hasilatı məhdudlaşdırmağa davam edəcəklər, yoxsa şist neft hasilatçılarının təzyiqi altında təslim olacaqlar?

2017-ci ili 2 illik maksimumla başa vuran neft qiymətləri bu il istənilən istiqamətdə hərəkət edə bilər.

OilGas.az xəbər verir ki, bazarın hansı istiqamətə yönələcəyini növbəti 5 nüfuzlu şəxs müəyyənləşdirə bilər:

OPEC lideri

Səudiyyə Ərəbistanının naziri Xalid əl-Falihi həlledici 12 ay gözləyir. “Aramco”nun keçmiş rəhbəri 2016-cı ildə krallığın strategiyasını yenidən nəzərdən keçirmək, 8 ildə ilk dəfə OPEC+ ölkələri tərəfindən hasilatın azaldılmasının təşəbbüskarı olmaq, sazişin müddətinin 2018-ci ilin sonuna qədər uzadılmasını təmin etməklə skeptiklərə meydan oxudu və ötən ili daha bir qələbəylə başa vurdu.

İndi nazir  Rusiya da daxil olmaqla bütün iştirakçı ölkələrin razılaşdırılmış kvotalara riayət etməsinə nəzarət etməlidir. Səudiyyəli nazir hazırda ABŞ-da şist inqilabının yeni dalğasına səbəb olmadan “Aramco”nun səhmlərinin ilkin kütləvi təklif (Initial public offering – IPO) yolu ilə yerləşdirilməsini uğurla həyata keçirməyə ümid edir.

Rusiyanın energetika naziri

Əgər əvvəllər bazar müşahidəçiləri səudililərin hər bir sözünə diqqət edirdilərsə, indi onlar fikirlərini hətta kartelin üzvü belə olmayan ölkə üzərində cəmləyiblər. Rusiyanın uzun illər məsafə saxladıqdan sonra ötən il OPEC-in hasilatı azaltmaq üzrə sazişinə qoşulmaq qərarı bu strategiyanın uğuruna aparan açar oldu. Buna müvafiq olaraq neft treyderləri diqqətlərini səudiyyəli həmkarı ilə şəxsi əlaqələrini quran Rusiyanın energetika naziri Aleksandr Novakın bəyanatlarına yönəldiblər. Nazirlər arasındakı şəxsi əlaqə tarixi sövdələşmənin şərtlərinə riayət olunması məqsədilə illərlə hökm sürən qarşılıqlı etimadsızlıqdan qurtulmağa imkan verir. Onların tərəfdaşlığı o qədər möhkəmdir ki, Citigroup Inc. bunu “möhkəm kişi dostluğu” adlandırıb. Lakin bu dostluq sazişdən vaxtından öncə çıxmaq tərəfdarı olan Rusiya şirkətlərinin sınağından da keçməlidir.

Şist hasilatının pioneri

Bu il üçün ABŞ-da şist neft hasilatının artım perspektivləri başlıca intriqa mənbəyidir. Müxtəlif qiymətləndirmələrə əsasən, bu artım minimum gündəlik 700 min barel və maksimum gündəlik 1 milyon bareldən çox hasilata bərabər ola bilər. Proqnoz yalnız sualı kimə ünvanlayacağınızdan asılı olaraq dəyişə bilər. Sənayenin mərkəzində Texasda yerləşən Perm hövzəsi dayanır. Burada yataqların belə desək, “aslan payı” “Pioneer Natural Resources Co” şirkətinin payına düşür. Şirkətin rəhbəri Tim Dav bu regionu hələ uzun illər üçün ABŞ hasilatının “həyat mənbəyi” adlandırır. O, 2018-ci il ərzində burada hasilatın cari gündəlik 2,85 mln. barel həddindən gündəlik 3,3 mln barel həddinə yüksələcəyini proqnozlaşdırır.

Latın lider

ABŞ sanksiyaları, istiqrazlar üzrə vaxtı keçmiş ödənişlər və neft hasilatının azalması – Venesuela prezidenti Nikolas Maduronun bu il problemləri çoxdur. “Yeni neft inqilabı” vəd edən ölkə lideri Milli Qvardiyanın general-mayorunu neft naziri təyin etdi, dövlət qulluqçuları arasında “təmizləmə işi” təşkil etdi. Bu zaman “PDVSA – Petroleos de Venesuela” dövlət şirkətinin eks rəhbərini də həbs etdirdi. Latın Amerika ölkəsində iqtisadi böhran 2001-ci ildə gündəlik 3 mln. bareldən çox olan hasilatın 2017-ci ilin noyabrında gündəlik 1,86 mln barelə qədər düşməsilə daha da dərinləşdi. “Rystad Energy” konsaltinq şirkətinin qiymətləndirməsinə əsasən, ölkənin bəzi yataqlarında hasilat 30% düşə bilər. Bu halda Venesuelada istehsal göstəriciləri OPEC sazişində razılaşdırılmış kvotadan xeyli aşağı olacaq. Deməli, dünya bazarında şərait birləşmiş ixracatçılar qrupunun planlaşdırdığından daha sərt ola bilər.

Texnologiya sektorunun ulduzu

Dəfələrlə istifadə oluna bilən raket ideyası və insanları Marsda yerləşdirmək İlon Maskın adını texnologiya entuziastları arasında çoxdan tanınmış edib. Lakin 2018-ci il ona neft bazarının da xüsusi diqqət göstərəcəyi dövr ola bilər. Cənubi Afrikadan olan iş adamı bu ilin aprel ayına qədər konveyerdən həftədə 5 min ədəd yeni Tesla-Model 3 elektro maşınlarının buraxılacağına ümid edir. Bu, elektrik maşınları dünyasında əsl sıçrayış olacaq və texnologiyanı daha böyük kütlələrə çatdıracaq. Əgər Maskın planları reallaşsa, elektrik maşınları daxiliyanma mühərriklərini gözləniləndən daha tez bazardan sıxışdırıb çıxaracaq ki, bu da spekulyasiyalar dalğasına səbəb olacaq.

OPEC elektrik maşınlarına tələbatın artacağı təqdirdə qarşıdakı onillikdə neft istehlakını durğunluq gözlədiyini etiraf edib. Lakin hələ ki neft treyderləri “Tesla”nın problemlərinə sevinirlər: Şirkət ötən ilin üçüncü rübündə Model 3 sedanlarından cəmi 260 ədəd buraxıb.

Aydan Axundova

OilGas.az

248 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ