“Neftin qiyməti siyasiləşib” – Vüqar Bayramov

“Neftin qiyməti siyasiləşib” – Vüqar Bayramov

“Neft bazarında hər zaman sürprizlər ola bilər”

OilGas.az xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov deyib. Onun sözlərinə görə, neft bazarında qiymətlərin yüksəlməsi hasilatın artırılması barədə qərarla birbaşa bağlı deyil:

“Gözlənildiyi kimi OPEC+ gündəlik hasilatın 1 milyon barel artırılması ilə bağlı qərar qəbul etdi. Əslində, ABŞ Prezidentinin hasilatın artırılmasının vacibliyi haqqında 2 tvitindən sonra OPEC-in və xüsusən də, Səudiyyə Ərəbistanın bazara daha çox neft çıxarmağa müsbət yanaşması proqnozlaşdırılan idi. Sözügedən qərarın açıqlandığı gün dünya bazarında neftin qiyməti 4 faizə yaxın yüksəldi. Əslində bu qiymət artımları heç də birbaşa hasilatın arıtırılması haqqında qərar ilə bağlı deyil. Belə ki, elə həmin gün elan edilən statistikaya əsasən, ABŞ-da neft quyularının sayı 7 ədəd azalıb və bu da birbaşa qiymətə təsir göstərdi.

OPEC-in son qərarı neftin qiymətinə necə təsir göstərəcək? Aydındır ki, hasilatın gündəlik 1 milyon barel artırılması heç də neftin qiymətlərinin qısa zamanda kəskin azalmasına səbəb olmayacaq. Belə ki, hasilatdakı artım qərarına baxmayaraq yenə də qlobal bazarda tələb üstünlüyü var. Digər tərəfdən, hasilatın artırılması ilə bağlı qərara baxmayaraq OPEC və bu quruma üzv olmayan, amma qərarı dəstəkləyən dövlətlərin qısa zamanda hasilatı qeyd edilən səviyyəyə çatdırmaq imkanları yoxdur. Rusiya ən yaxşı halda yaxın 3 ayda hasilatı maksimum 300 min barel artıra bilər. Bütövlükdə, OPEC+ hasilatın artırılması bağlı qərarına ən yaxşı halda yaxın yarım ildə nail ola biləcək. Bu isə o deməkdir ki, hələlik bazarda təklifin artıqlığı müşahidə edilməyəcək. Son qərar sadəcə neftin dünya bazar qiymətində kəskin artımların qarşısını almaq məqsədi daşıyır. Hələlik heç bir beynəlxalq qiymətləndirici şirkət neftin dəyərində kəksin azalma proqnozlaşdırmır. Bu isə o deməkdir ki, əgər hasilatın artırılması ilə bağlı daha bir qərar olarsa, o zaman neft yenidən əvvəlki bazar qiymətinə, bir barel üçün 60 dollarlıq həddə enə bilər. Bütövlükdə, OPEC və onunla anlaşan digər bir sıra neft ölkələrinin Ağ Evin tövsiyyəsinə uyğun olaraq hasilatı artırması neftin qiymətinin siyasiləşdiyindən də xəbər verir. Bu isə o deməkdir ki, neft bazarında hər zaman sürprizlər ola bilər”.

358 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ