“Neftin bahalaşması gələcəkdə problem yaradacaq” – Ekspert şərhi

“Neftin bahalaşması gələcəkdə problem yaradacaq” – Ekspert şərhi

“Neftin baha olması perspektivdə, ucuz olması isə cari vəziyyətdə problem yaradır”.

Bunu OilGas.az-a açıqlamasında iqtisadçı ekspert Samir Əliyev deyib. O bildirib ki, hazırda neft qiymətləri 60 dollardan yuxarıdır və bu, hər kəsi qane edən bir səviyyədir:

“Əlbəttə, neft ölkələri daha çox gəlir əldə etmək istəyərlər. Lakin bir reallıq var ki, neft kəskin bahalaşırsa, bir müddətdən sonra onun kəskin ucuzlaşması da müşahidə olunur. Çünki bahalı neft alternativ enerji mənbələrinin inkişafını stimullaşdırır. Bu isə neft ölkələri üçün problemlər yaradır. Neftin həddən artıq ucuz olması isə təbii ki, neft ölkələrinin gəlirlərini azaldır. Yəni neftin baha olması perspektivdə, ucuz olması isə cari vəziyyətdə problem yaradır”.

Ekspert qeyd edib ki, neft qiymətləri 50, xüsusilə də 60 dolları keçən kimi Amerikanın şist neft istehsal edən buruqları artmağa başlayır. Bu isə ABŞ-da neft hasilatının artmasına səbəb olur. Bununla da ABŞ neft bazarında OPEC ölkələrinin payını ələ keçirir. Odur ki, OPEC hasilatı azaltmaqda, mövcud vəziyyəti uzun müddət saxlamaqda maraqlı deyil.

S.Əliyevin sözlərinə görə, əgər hasilatın azaldılması istiqamətində qəbul edilən qərarlar öz nəticəsini göstərərsə, yəni bazarda digər ölkələrin də payı artarsa, ölkələr hasilatı azaltmaq barədə öhdəliklərdən imtina edə bilərlər:

“Rusiya özü də hasilatı bir tərəfdən artırır. Neft ölkələri neftdən asılı olduqlarına görə, daha çox gəlir əldə etmək istəyirlər. Getdikcə oyunçuların sayı artır. Məsələn Liviya, İraq, İran kimi ölkələrdə hasilatın həcminin artması gələcəkdə bazarın bəzi ölkələr üçün itirilməsinə gətirib çıxara bilər. Odur ki, OPEC-in hasilatın azaldılmasıyla bağlı qərarını qüvvədə saxlayıb-saxlamayacağını öncədən demək çətindir”.

Aydan Axundova
OilGas.az

102 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ