“Neftin 50 dollara satılması Rusiyanı qane edir” – İqtisadçı

“Neftin 50 dollara satılması Rusiyanı qane edir” – İqtisadçı

Sankt-Peterburq dövlət universitetinin professoru, iqtisad elmləri doktoru Stanislav Tkaçenko dünyadakı son iqtisadi vəziyyəti Yeniçağ.ru-ya şərh edib.

“Qlobal qeyri-sabitlik dövründə iqtisadi proqnozlar vermək çətin işdir. Bu gün dünya neft bazarı bir neçə uzun müddətli tendensiyaların təsiri altındadır. Bir sıra qısamüddətli trendlər də bunun üzərinə əlavə olunur. Məsələn şist inqilabı, planetin müxtəlif regionlarında nəhəng neft və qaz yataqları barədə şaiyələr və s. Eyni zamanda müxtəlif hadisələr də (Avropa, Rusiya və ya Yaxın Şərqdə terror aktları, Fransada prezident seçkilərində Makronun qələbəsi) neftin qiymətinə təsir göstərir. Buna görə də bazara dair proqnoz vermək çətinləşir”, -deyə ekspert qeyd edib.

Tkaçenko bildirib ki, hazırda neft təklifinin artımı dayanıb və yaxın illərdə təkrarlanması real görünmür:

“Bu o deməkdir ki, neftin qiyməti proznozlaşdırıla bilən tələb və təkliflə müəyyən olunacaq. Bu göstəricilərin hər ikisi gündəlik 100 milyon barel həddinə yaxınlaşır. Bu vəziyyətdə digər faktorlar daha mühüm rol oynamağa başlayır: dollar, avro və digər dünya valyutalarının məzənnəsi, müxtəlif regionların iqtisadiyyatında yüksəliş və ya eniş”.

Ekspert qeyd edib ki, hazırda Rusiya da daxil olmaqla bir sıra ölkələr “xammal lənəti”ni normal sosial-iqtisadi inkişafa mane olan təhlükəli problem kimi nəzərdən keçirirlər:

“Məhz buna görə rəsmi Moskvanın qeyri-neft sektorunun inkişafı üzrə səyləri son 3 ildə bu qədər artıb”.

Ekspert bildirib ki, Rusiya hakimiyyətinin optimal dünya neft qiymətlərinə dair təsəvvürləri müntəzəm olaraq dəyişir:

“Əvvəlki “nə qədər yüksək – o qədər yaxşı” modeli indi daha mürəkkəb hesablarla əvəzlənir. Ölkədə hazırda fəaliyyət göstərən büdcəyə əsasən, neftin qiymətinin hər barelə görə 40-45 dollar olacağı və Rusiya rublunun ABŞ dollarına nisbətdə 60-63 diapazonunda olacağı təqdirdə, Rusiyanı aşağı inflasiya gözləyir. Hazırda neftin 50 dollar/barel olması Rusiyanı qane edir”.

Tkaçenko qeyd edib ki, bir sıra ölkələrin can atdığı yeni iqtisadi model 20 ildir ki hazırlanır, lakin hələ də konkret nailiyyət yoxdur:

“Ekspertlərə sadəcə Çin, Hindistan kimi ölkələrdə iqtisadi inkişafı diqqətlə öyrənmək qalır. Dünya iqtisadiyyatını dəyişməyə qadir olan ölkələr qismində Rusiya da nəzərdən keçirilir. Bir sıra ekspertlər bu ölkələrin iqtisadi modelini “Pekin konsensusu” kimi xarakterizə etməyə çalışdılar, lakin bu modeldə real tərkib hələ ki, azdır”.

Ekspert qeyd edib ki, dünya siyasi-iqtisadi sisteminin lider (ABŞ əvəzinə Çin) və əsas region (Şimali Atlantika əvəzinə Şərqi Asiya) dəyişikliyinə uyğunlaşması problemi hələ ki həll olunmayıb:

“Lakin bu problemin yaxın 10-15 ildə böyük hərbi toqquşmalar olmadan, əsasən rəsmi Vaşinqton və Pekin arasında danışıqlar və qarşılıqlı güzəştlər yolu ilə həll olunacağına dair ümidlər var. Rusiya bu “megamünaqişə”dən kənarda qalmalı, Avrasiya İqtisadi Birliyinə daxil olan digər ölkələrlə birlikdə milli iqtisadiyyatını diversifikasiya etməlidir”.

OilGas.az

389 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ