Neftçıxarma sənayesində böyük ixtira – Azərbaycanlı alimlər yeni qurğunu təqdim etdi

Neftçıxarma sənayesində böyük ixtira –  Azərbaycanlı alimlər yeni qurğunu təqdim etdi

Azərbaycan alimləri neftçıxarma sənayesində istifadə üçün yeni qurğu hazırlayıblar.

OilGas.az xəbər verir ki, Azərbaycan Texniki Universitetində (AzTU) yeni ixtiraların təqdimatı ilə bağlı mətbuat konfransı keçirilib.

Tədbirdə elmi-tədqiqat işlərinin planlaşdırılması və ETI şöbəsinin müdiri İslam İslamov, AzTU-nun nəzdində fəaliyyət göstərən Maşınşünaslıq Elmi-Tədqiqat İnstitutunun direktoru Ayaz Abdullayev, Maşınların konstruksiya edilməsi kafedrasının müdiri Əli Nəcəfov iştirak ediblər.

İslam İslamov bildirib ki, AzTU-nun Maşınların konstruksiya edilməsi kafedrasının alimləri 23-dən çox müxtəlif ixtira reallaşdırıblar: “Dünyada ilk mancanaq qurğusu Azərbaycanda yaradılıb. İndi Universitetimizin alimləri yeni reduktor və icralı balansirsiz mancanaq dəzgahlarının bir neçə yeni orijinal konstruktiv həllini yaradıb. İxtiralar hazırlanıb və sınaqdan keçirilib”.

AzTU-nun Maşınların konstruksiya edilməsi kafedrasının müdiri Əli Nəcəfov deyib ki, yeni yaradılan mancanaq dəzgahının üstünlükləri bunlardır: “Dəzgahın istifadəsi zamanı 25 faizədək enerjiyə qənaət olunacaq, ştanqların effektivliyi azalacaq, faydalı iş əmsalı 6 faizədək artacaq. Yaradılmış mancanaq dəzgahı daha yaxşı dinamiki xassələrə malikdir, çünki dirsək müntəzam fırlanır və balansirli mancanaq dəzgahlarından fərqli olaraq tarazlaşmamış kütlələr və dayağa üfüqi istiqamətdə təsir edən və işarəsini dəyişən qüvvələr yoxdur. Eyni zamanda quyunun vadisi ilə daha yaxşı mərkəzlənmə təmin edilir, titrəmələr və dinamiki yüklər xeyli azalır”.

Onun sözlərinə görə, neftçıxarma sənayesində istifadə olunan mexaniki intiqalı kimi müxtəlif ölçülü mancanaq dəzgahları bu günədək dəyişməyib və ştanqlı nasosların keyfiyyətli işləməsini tam təmin etmir: “Balansirli mövcud mancanaq dəzgahlarının bir çox çatışmazlıqları var. Məsələn, quraşdırma və quyunun təmiri zamanı böyük çətinliklər, kiçik faydalı iş əmsalı, böyük enerji məsrəfləri”.

AzTU-nun nəzdində fəaliyyət göstərən Maşınşünaslıq Elmi-Tədqiqat İnstitutunun direktoru Ayaz Abdullayev qeyd edib ki, ixtira olunan reduktorlar mancanaq dəzgahlarında, tanklarda, liftlərin qapı intiqalında, helipopterlərin baş reduktorlarında tətbiq edilə bilər: “Bu reduktorlar bütün sənaye sahələrinin maşın aqreqatlarında istifadə oluna bilər”.

480 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ