Neftçilərin ölümü və xəsarət alması üzrə aparılan təhqiqat davam edir – Rəsmi

Neftçilərin ölümü və xəsarət alması üzrə aparılan təhqiqat davam edir – Rəsmi

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu yaxınlarda istehsalat prosesində neftçilərin vəfat etməsinə və xəsarət almasına münasibət bildirib.

OilGas.az “APA-Economics”ə istinadən xəbər verir ki, nazir deyib ki, əgər istehsalatda hansısa qəza baş verirsə və bunun nəticəsində insanlar həyatını itirirsə və ya xəsarət alırsa, bu halda təhqiqat başlanılır: “Təbii ki, qeyd etdiyimiz hal üzrə də təhqiqat başlanılıb, proses gedir. Təhqiqatın gedişatı nəticəsində müvafiq qanunvericiliyə əsasən sənədlər tərtib olunur. Eyni zamanda, hüquq-mühafizə orqanları tərəfindən də araşdırma aparılır. Dövlət Əmək Müfəttişliyi Xidmətinin apardığı təhqiqatın nəticəsi onlara da təqdim olunur”.

Onun sözlərinə görə, hazırda əməyin təhlükəsizliyi sahəsində ciddi işlərin görülməsinə ehtiyac var: “Xüsusilə qeyd etmək istərdim ki, Əmək Məcəlləsinə əsasən, əməyin təhlükəsizliyi sahəsində fəaliyyət göstərən fondun yaradılması nəzərdə tutulub. Düşünürəm ki, bu istiqamətdə işlərimizi gücləndirməliyik. Proses yalnız təhqiqatla yekunlaşmalı deyil, profilaktik tədbirlərin görülməsi olduqca vacibdir. Bununla biz bədbəxt hadisələrin sayının azalmasına nail ola bilərik. Əgər statistikaya nəzər salsaq görərik ki, istehsalatda bədbəxt hadisələrin sayı xeyli azalıb. Bu isə onu göstərir ki, işəgötürənlər bu sahəyə diqqəti artırıb”.

Qeyd edək ki, noyabrın 4-də səhər saatlarında “28 May” NQÇİ-nin 14 nömrəli dərin dəniz özülündə qazmaçı köməkçisi işləyən 1958-ci il təvəllüdlü Əliyev Rasim İbrahim oğlu 262 saylı quyuda işləyən zaman dənizə düşüb, operativ tədbirlər nəticəsində sudan çıxarılıb, lakin vəfat etdiyi məlum olub.

Bundan başqa, noyabrın 3-də “Qaradağ” sahəsindəki 490 saylı quyuda qazma prosesi zamanı qəbul meydançasından köməkçi bucurqad vasitəsilə yuxarı işçi meydançaya qaldırılan borulardan biri yırğalanıb və Kompleks Qazma İşləri Trestinin “Qaradağ-Qalmaz” İstehsalat Bölümünün qazmaçı köməkçiləri 1965-ci il təvəllüdlü Gözəlov Fikrət Alıkişi oğluna və 1964-cü il təvəllüdlü Ədilov Cavad Əlibala oğluna xəsarət yetirib.

Hər iki zərərçəkən təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

OilGas.az

93 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ