Neft dəhşəti: Bir gündə milyonçu olmaq və ya iflas edib intihar etmək…

Neft dəhşəti: Bir gündə milyonçu olmaq və ya iflas edib intihar etmək…

“Bakı mədənlərində gözlənilmədən elə fontanlar olurdu ki, gündə min tonlarla neft çıxırdı, heç yerdə və heç kəsin tanımadığı adi bir adam birdən-birə dönüb olurdu milyonlar sahibi”.

OilGas.az xəbər verir ki, bu barədə yazıçı Manaf Süleymanovun “Eşitdiklərim, Oxuduqlarım, Gördüklərim” kitabında yazıb. Onun sözlərinə görə, güclü fontan bəzən dağıntılara, insan ölümlərinə səbəb olub. Bu zaman ölən və yaralananlar üçün qan bahası istəyirdilər. Nəticədə neftin qiyməti bazarda düşür, fontan sahibi və xırda mədənçilər iflas olurdular:

“Əkinçi” başqa bir nömrəsində yazırdı: “Neçə il bundan əqdəm Badkubənin nefti Mirzəyevin icarəsində idi. Elə ki, bu icarə bərhəm oldu, neft quyularını bir neçə hissə edib, tək-tək icarəyə verib, hər bir xahiş edənə ixtiyar veriblər ki, təzədən quyu qazsın. O zaman Balaxanı və Sabunçu kəndlərinin yerləri çox bahalandı. Elə ki, quyular çoxaldı və onların bəzisindən neft fəvvarə vurub bulaq kimi axdı, neft qiymətdən düşdü. Keçmişdə xalvarı, yəni 20 pudu 9 manata satılan neft bir manata, hətta 3 abbasıya satıldı. Bir tərəfdən neftin belə artmağı, bir tərəfdən xəzinənin neftdən aldığı aksız xərci və bir tərəfdən Amerikanın neft cövhərinin Rusiyada ucuz satılması, neft cövhəri çəkmək üçün zavod saxlayanların işini pərişan elədi. Axırdə neft sahiblərinin dad-fəryadı yerinə yetişdiyinə, keçən il hökm olundu ki, Amerika cövhərindən 50 qəpik artıq tamojna xərci alsınlar. Ona binaən zavodçuları keçən il Rusiyaya neft cövhəri gətirmədiyinə, Rusiyada Badkubənin neft cövhəri 3-4 manata, hətta 4 manat yarıma satıldı. Halbuki, irəli manat yarıma güclə satılırdı. Bu səbəbə neft sahiblərinin işi yenə yaxşı oldu, neft yerlərinin qiyməti artdı.

Elə ki, bu ildən tamojna xərci qızıl pulla alınır və məlum olub ki, gələn ildən neftdən aksız xərci alınmayacaq. Neft yerlərinin qiyməti həddən çıxıb. Məsələn, bir şəxs keçən il 5 desyatin yeri 2 min 5 yüz manata almışdı. 2 ay bundan əqdəm ol şəxs zikr olan yeri 8 adama, 8 min manata satıb. İndi deyirlər ki, o 8 adamın birisi öz hissəsini, yəni səkkizdən birini 18 min manata satıb və yenə deyirlər ki, bir kəs bir desyatinin dörddən bir hissəsini belə icarəyə verib: icarəçi yer sahibinə 2 min manat verib ki, o yeri 12 il ona versin, bəşərti ki, bu ilin müddətində o yerdən nə qədər neft çıxsa onun nisfi yeri alanın olsun və 12 ildən sonra o yer, orada olan avadanlıqlar yer sahibinə qalsın.

Xülasə, yer alan, yer satan həddən çıxıb. Küçə və bazarlarda məhz neft və cövhər sözü danışılır. Natariusxanalarda neft yeri aldı-satdı kağızlarını yazmağa növbət çatmır. Badkubədə sakin olanlar keşişdən tutmuş qulluq əhlinin ədna bəsərinəcən, tacirdən tutmuş ədna papaqçıya və şam tökənəcən öz işlərini tullayıb, bir neçə adam şirakət edib, Molla Nəsrəddin torba götürüb Sarı qayaya bostan oğurluğuna gedən kimi, olan-olmazlarını yığıb Sabunçu bəylərinin yanına yer almağa və Qaraşəhərdə (şəhərdən kənar zavodlar olan yerdir) zavod tikdirməyə gedir ki, bir ya iki ilə sahibi milyon olsun”.

Bakı mədənlərində gözlənilmədən elə fontanlar olurdu ki, gündə min tonlarla neft çıxırdı, heç yerdə və heç kəsin tanımadığı adi bir adam birdən-birə dönüb olurdu milyonlar sahibi. Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev, Murtuz Muxtarov, Səlimov, Seyid Mirbabayev, Mantaşov, Mirzəyev, Şibayev. Leonozov və başqaları belə varlananlardan idilər. Elə ki, fontan vururdu, qonşuluqdakı torpağın qiyməti birə min artırdı.

Güclü fontandan neft nəhr kimi axıb yaxınlıqdakı kənd və qəsəbə evlərini, tövlələri basır, uçurdur, qonşu mədənlərdəki emalatxanalar, buruqlar qalırdı neft selinin altında; binalar, idarələr dağılırdı. Fəlakətə düşən adamlar tez-tələsik başqa yerə köçürdülər. Sonra da fontan sahibini məhkəməyə verib çəkdikləri zərərin əvəzini tələb edirdilər. Ölən və yaralananlar üçün qan bahası, şikəstləri sağaltmağa müavinət istəyirdilər. Belə vaxtlarda neftin qiyməti bazarda çox aşağı düşürdü. Fontan sahibi və xırda mədənçilər iflas olurdular. Sahibkar bəzən dözə bilməyib özünü asır, intihar edirdi.

160 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ