Neft bazarında gözlənilən önəmli dəyişikliklər – TƏHLİL

Neft bazarında gözlənilən önəmli dəyişikliklər – TƏHLİL

Dünya neft bazarında yaxın bir neçə il ərzində ciddi dəyişikliklər gözlənilir. Bu dəyişikliklər müsbətə doğru dəyişiklik kimi dəyərləndirilə bilməz. Beynəlxalq Enerji Agentliyinin son icmalı dünya neft bazarı üçün nikbinlik yaradan məqamların çox az qismini əks etdirir. Bu icmal çoxları ciddi fikirləşməyə vadar etməlidir.

Beləliklə, icmalın əsas məqamları. Yaxın beş il ərzində dünya neft bazarına ABŞ-ın timsalında yeni əsas oyunçu daxil olacaq. Agentliyin hesablamalarına görə, 2023-cü ilə kimi dünyada neftə tələbat 5,5% artaraq günə 104,7 mln. barelə çatacaq, amma ənənəvi neft hasil edən ölkələrin bu fakta sevinməsi “tezdir”. Çünki tələbata artımın 80 faizini ABŞ ödəyəcək. ABŞ-da neft hasilatı, şist nefti daxil olmaqla, 2023-cü ilədək günə 17 mln. barelə çatacaq. Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə bu göstərici 13,2 mln. barelə bərabər olub.

ABŞ-da neft hasilatının kəskin artması OPEC ölkələrində hasilatın dondurulması üzrə sazişin icrası zamanı baş verir. Xatırladaq ki, həmin sazişə OPEC-ə üzv ölkələrlə yanaşı bəzi digər neft hasil edən ölkələr də qoşulub və saziş bir ildən artıqdır icra olunur. Həmin dövr ərzində neftin qiymətlərinin sabitləşməsi məhz bu sazişin icrası hesabına baş verib. Qeyd edək ki, 2016-cı ilin ikinci yarısında neftin qiymətləri 40-44 dollaradək enmişdi. Həmin sazişin imzalanması və icrasından sonra neft bahalaşmağa başlayıb və son zamanlar qiymətlər 65-70 dollar səviyyəsinə çatıb. Bundan əvvəlki təhlillərdə dəfələrlə qeyd etmişdik ki, OPEC-in hesabına nail olunmuş qiymət tarazlaşması ABŞ-a görə heçə enə bilər. İlk baxışdan belə görünür ki, ABŞ-ı OPEC-in sazişi, neft bazarında qiymət problemi heç də narahat etmir, çünki ölkədə hasilat artır və artım davam edəcək. Yəni faktiki olaraq, ABŞ-ın neft bazarında nəzarəti ələ keçirməsi təklif artımını təmin edəcək, bu da qiymətlərin azalmasına təsir edəcək.

Paralel olaraq, dünya neft bazarında tələbat problemi müşahidə olunub və tələbatın daha da kəskinləşməsi gözlənilir. Beynəlxalq Enerji Agentliyi hesab edir ki, Çin və Hindistan hələ də müəyyən vaxt ərzində əsas neft istehlakçıları olaraq qalacaq, amma bu sahədə iki əsas məqam var. Birincisi, həm Çin, həm də Hindistan yüksək sürətlə nefti daha təmiz enerjidaşıyıcılarla əvəz etmək istiqamətində işləyir. Bu sahədə konkret rəqəmlər yoxdur, amma gözləmək olar ki, bu proses neftə tələbatı azaldacaq. İkincisi, 2020-ci ildə Avropa İttifaqında dəniz daşınmalarında istifadə edilən yanacağın təmizliyi və tərkibində kükürdün xüsusi çəkisini indiki 1%-dən 0,1%-ə qədər endirilməsini nəzərdə tutan yeni qaydalar qüvvəyə minəcək. Bu, dəniz yolları ilə daşınmalarla məşğul olan şirkətlərin xərclərini artıracaq, amma digər tərəfdən bu sahədə daha təmiz yanacaq tələb olunacaq. Bunun üçün isə daha keyfiyyətli neft, üstəgəl yüksək texnoloji emal prosesi tələb olunur. Bu da dünya neft bazarında qeyri-müəyyənliyi artır. Eyni zamanda dünyada onsuz da daha aşağı kükürdlü neft və neft məhsullarına tələb onsuz da artır, digər sortlara isə tələb tədricən azalmaqdadır. Etiraf etmək lazımdır ki, bu məqamlar neft bazarın sabitliyinə xidmət etmir.

Faktiki olaraq, neft bazarında ABŞ-ın hesabına təklifin artımı, digər tərəfdən isə müxtəlif səbəblərə görə tələbatın azalması ehtimalları yüksəkdir. Amma bir məsələ var ki, neft bazarında digər qeyri-müəyyənliklər də var. Söhbət investisiya məsələsindən gedir. Belə ki, həm Beynəlxalq Enerji Agentliyi, həm də müstəqil təhlilçilər bəyan edir ki, neft hasilatı sektoruna investisiyalar dayanmadan azalır. Məsələn, qeyd olunan icmalda bildirilir ki, 2020-ci ildən sonra hasilatın indiki səviyyəsində saxlaması, o cümlədən yeni yataqların işlənib hazırlanması üçün əlavə investisiyalar tələb olunur. Neft şirkətləri bu investisiyaları yatıracaqmı sualına birmənalı cavab vermək çətindir. Çünki neft şirkətləri neftin qiymətinin 30-35 dollar olduğu zaman üzləşdiyi itkilərini hələ də kompensasiya etməklə məşğuldur. İnvestisiyaların azalması məhz 2015-2016-cı illərə təsadüf edib ki, neft şirkətləri hələ də o dövrün fəsadları ilə “mübarizə aparır”. İndiki hasilat gücləri yalnız yaxın iki il ərzində hasilatı dəstəkləyə biləcək, ondan sonrakı dövrlərdə yenilənmə tələb olunacaq, bunun üçün isə əlavə investisiyalar yatırmaq lazım gələcək. İnvestisiya qoyuluşunda yaranan ki illik fasilə dolayı yolla olaraq dünyada neftin “bərpa” qabiliyyətinə mənfi təsir edir, yeni yataqların açılması isə faktiki olaraq dayandırılıb. Nəticədə, 2017-ci ildə neftin bərpa qabiliyyətinin səviyyəsi cəmi 11%-ə enib ki, bu da həmin sahədə faktiki böhran deməkdir.

Aşağı qiymətlər şəraitində neft şirkətləri və nefti hasil edən ölkələr ilk növbədə investisiyaların azaldılmasına əl atır ki, bu da ilk növbədə kəşfiyyat sahəsində aid edilir. Hasil edilməyən ehtiyatlarının artması hasil edilən ehtiyatlarının həcmini kəskin üstələyir. Sadə dildə desək, dünyada hasil edilməyən yataq və perspektiv strukturlar həmin vəziyyətdə qalmaqdadır, hasilatçılar isə “son nəfəsə kimi” mövcud olan güclərindən istifadə etməyə çalışırlar. Nəticədə bu məqam neft bazarında hasilatın azalda biləcək yeganə məqam kimi görünür. Yəni tərəzinin bir tərəfində hasilatın ABŞ və ola bilər ki, OPEC ölkələri hesabına artması, neft və kimya sektorunun sürətli inkişafı, neft və neft məhsullarına keyfiyyəti üzrə sərtləşən tələbləri, alternativ enerji daşıyıcıların payının artması və ümumi istehsal güclərinin azalması, digər tərəfdən isə investisiyaların edilməməsinə görə neft hasilatının azalma ehtimalı durur. Bu tarazlığın hansı tərəfə enməsini müəyyən etmək çətindir, buna görə də hətta icmalda proqnoz nə müsbət, nə mənfi tərəfədir. Amma neft bazarında qeyri-müəyyənliyin mövcudluğu və yaxın illər ərzində daha da kəskinləşməsi şübhəsizdir. İstənilən halda neft bazarını çətin illər gözləyir. (APA)

 

97 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ